Dünyanın ən bahalı evi satılıb
Londonun ən bahalı səmtlərindən birində yerləşən "Toprak Mansion" malikanəsi satılıb. "The Sunday Times"in verdiyi məlumata görə, bina 50 milyon funt-sterlinqə ($100 milyon) satılıb ki, bu da Britaniya paytaxtında və onun həndəvərlərində yeni inşa edilmiş tikililər üçün rekord qiymətdir.
Neoklassisizm stilində inşa edilmiş "Toprak Mansion"da şüşə damlı hovuz, dörd mətbəx, yeraltı qaraj və 20 nəfərlik türk hamamı var. Malikanənin ətrafında 2 akr sahədə nəfis bağ salınıb.

Bundan sonra "Kral malikanəsi" ("Royal Mansion") adlandırılacaq "Toprak Mansion" və ya "Top Whack Mansion" malikanəsini 3 il əvvəl türk milyarder Xalis Toprak inşa etdirməyə başlamışdı. Lakin Türkiyədə bu iş adamı maliyyə fırıldaqları və vergidən yayınmaqda suçlanandan sonra onun bütün əmlakına həbs qoyulmuş, xarici ölkələrdəki daşınmaz mülkiyyəti isə satışa çıxarılmışdı.
Malikanənin yeni sahibi "Toprak Mansion"da aparılacaq dəyişikliklərə $30 milyon xərcləmək niyyətindədir. Malikanə ərazisində vertolyot meydançası, skvoş üçün kort, ev kinoteatrı və spa inşa ediləcək.




