Gənclərin əməkdaşlığının yeni modeli
Azərbaycan Könüllülər İctimai Birliyi Avropa Birliyi Gənclər Proqramı çərçivəsində Böyük Britaniya Milli Gənclər Agentliyi - British Council və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 27 Yanvar – 3 Fevral 2008-ci il tarixində “Gənclərin Əməkdaşlığının yeni modeli” adlı beynəlxalq təlim kursu keçirəcəkdir. Qeyd edək ki, Azərbaycan Könüllülər İctimai Birliyi bu beynəlxalq Təlim Kursunu Böyük Britaniyanın Sərhədsiz Gənclər Təşkilatı və Çarnvood İrqi Bərabərlik Şurası ilə birgə həyata keçirir. Təlim Kursunda İngiltərə, Fransa, Almaniya, Polşa, Türkiyə, Macarıstan, Ukrayna, Moldova, Rusiya, Belarusiya, Gürcüstan və Azərbaycandan gənc liderlər iştirak edəcəkdir. Təlim Kursunun keçirilməsində əsas məqsəd Avropa Birliyinə qonşu olan ölkələrdəki gənclər və gənclər təşkilatlarının Avropa Birliyi Gənclər Proqramı çərçivəsində birgə fəaliyyətini və əməkdaşlığını genişləndirmək, gələcəkdə birgə layihələrin hazırlanması və artırılmasına təkan vermək, habelə gənclərin mədəniyyətlərarası, dinlərarası dialoqunu formalaşdırmaqdan ibarətdir.
“Gənclərin Əməkdaşlığının yeni modeli” adlı təlim kursu beynəlxalq statuslu təlimçilər tərəfindən aparılacaqdır. Eyni zamanda təlim kursunda Avropa Birliyi Gənclər Proqramı “Youth in Action” sahəsində çox təcrübəli qonaqlar iştirak edəcəkdir. Təlim Kursu zaman təlimçilər tərəfindən Avropa Birliyi Gənclər Proqramı “Youth in Action” çərçivəsində Gənclər Mübadilələri, Təlim Kursları, Kontakt qurma seminarları, Əməkdaşlıq Qurma fəaliyyələri, o cümlədən Avropa Könüllülük Xidməti çərçivəsində layihələrin yazılması, müraciət edilməsi və əməkdaşların tapılması kimi vacib məsələlərə aydınlıq gətiriləcəkdir. Qeyd etmək istərdik ki, təlim kursu Bakı şəhərində yerləşən Kaiser mehmanxanasında keçiriləcək. Beynəlxalq Təlim Kursunun rəsmi açılışı dövlət strukturlarının, qeyri-hökümət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Təlim Kursuna qatılan xarici qonaqların da iştirakı ilə 28 Yanvar 2008-ci il tarixində saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində (Fikrət Əmirov küç. 1) baş tutacaq.Bundan əlavə, Təlim Kursunun maraqlı hissələrindən olan Mədəniyyətlərarası gecəni nəzərinizə çatdırmaq istərdik. Mədəniyyətlərin tanıtma gecəsində iştirakçılar təmsil etdikləri ölkələrin mədəniyyətlərini, təşkilatlarını, tarixini, milli musiqilərini, adət-ənənələrini və özləri ilə gətirdikləri milli yeməklərini təqdim edəcəklər. Mədəniyyətlərin tanıtma gecəsi Kaiser Hoteldə (Nəsib bəy Yusifbəyli küç. 75B) keçiriləcək. Bundan əlavə Gənclərə Dəstək Mərkəzində (Əlövsət Quliyev küç. 71) ölkəmizin aktiv Qeyri-Hökümət Gənclər Təşkilatları və Gənclər Hərəkatlarının iştirakı, o cümlədən təlim kursuna qatılan digər ölkə təşkilatlarının iştirakı ilə “NGO Market” – “QHT Bazarı” keçiriləcək. 31 Yanvar saat 18:00-da keçirilməsi planlaşdırılan tədbirin keçirilməsində əsas məqsəd yerli və xarici gənclər təşkilatları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi, gələcəkdə potensial əlaqələrin qurulması və birgə yeni ideyaların həyata keçirilməsinə dəstək olmaqdan ibarətdir.
Qeyd etmək istərdik ki, Təlim Kursunun yuxarıda qeyd edilən bütün hissələri Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün açıqdır.



