Reklam verin!

“bp” kimindir?

bp-logo

Hazırda dünyanın diqqət mərkəzində olan İraqda baş verən bütün hadisələr neft amili ilə əlaqədardır.
Amerikanın bölgəni işğal etməsi də məhz İraqın zəngin yanacaq-enerji ehtiyatlarına nəzarətin ələ keçirilməsi ilə bağlıdır. Amma heç kəs bilmir ki, İraqdakı neft quyularının sahibləri indiyə kimi yaşayırlar və beynəlxalq hüquq normalarına görə bu quyular onların mülkləridir. Qeyd edək ki, vaxtilə İraq Osmanlının  bir hissəsi idi və burada Osmanlı ailəsinə mənsub olan onlarla mülk var. Xüsusilə, Kərkük və Mosuldakı neft quyularının Sultan II Abdulhəmidin şəxsi mülkləri olduğu bu sahə ilə yaxından maraqlananların çoxuna məlumdur. Bəs nə üçün Türkiyədə bu barədə susmağa üstünlük verirlər? Əslində buna susmaq da demək olmaz.

Belə ki, Osmanlının varisləri məsələni son 79 ildə dəfələrlə beynəlxalq məhkəmələrdə qaldırıblar. Amma bu məsələdə ingilis hökumətinin ciddi müqavimət göstərməsi və ola bilsin ki, müxtəlif yollarla məhkəmələrə təsir və təzyiq göstərmələri nəticəsində işi udmaq mümkün olmayıb. Necə deyərlər, əslində Osmanlı ailəsinin ingilis hökuməti və neft şirkətləri ilə 79 il çəkən məhkəməsi hələ də davam etməkdədir. Ancaq Sultan I Abdulməcidin kötükcəsi Mahmud Sami 1998-ci ildə məhkəmə xərclərinə pul çatdıra bilmədiyi üçün bu iddialardan əl çəkməyə məcbur oldu. O, bununla əlaqədar deyir: “Bu neft quyuları babamın şəxsi mülkləridir. Amma bunu Avropa Məhkəmələrində sübut etmək heç də asan deyil”. Qeyd edək ki, Osmanlı imperatorluğunda rekord səviyyədə hökmdarlıq edən padşahlardan olan sultan II Abdulhəmidin Mosul və Kərkükdəki neft quyuları ilə bağlı çox şeylər yazılıb. Amma heç nə dəyişməyib. Bir müddət bundan əvvəl Abdulhəmidin neft quyuları ilə bağlı bir kitab nəşr olundu. Sultan I Abdulməcidin kötükcəsi olan Mahmud Saminin qələmə aldığı kitabda Osmanlı ailəsinin Mondros müqaviləsindən başlayaraq, 1998-ci ilə qədər açdığı məhkəmə davası öz əksini tapıb. Mosul və Kərkük neft quyuları üçün 79 il davam edən məhkəmələrdə haqq və ədaləti bərpa etmək asan olmadı. Çünki məhkəmə müxtəlif yollarla işin uzadılmasına fürsət yaradırdı.

Mülklər dövlət xəzinəsinə verilmədi

Osmanlı varislərinin miras davasındakı əsas istinad nöqtəsi olan və sonuncu Osmanlı hökmdarının bütün şəxsi mallarının xəzinəyə verilməsi barədə imzaladığı sənəd Məclisi-Məbusanda (parlamentdə) hələ də diqqətdən kənarda qalıb. Ancaq o vaxt bu məsələnin məclisdə müzakirə olunması və bununla bağlı qərar qəbul olunması gözlənilirdi. Mahmud Saminin ailə arxivlərindən təqdim etdiyi sənədlərə görə, nə babası Abdulhəmid, nə də onun sələfi Sultan Rəşadın xəzinəyə təhvil verdiyi mallarla bağlı parlament bir qərar qəbul etməyib. O dövrdə iqtidarda olan Gənc Türk Hərəkatı tez-tez mübahisə hədəfinə çevrilən neft yataqlarını “Türkish Petrolium” kompaniyasına icarəyə vermişdi. Əslində həmin şirkət bu gün dünyanın hər yerində neft hasil edən və Sultan Abdulhəmidin neft quyuları hesabına varlanaraq, onun mirasından milyardlar qazanan “Britiş Petrolium” şirkətidir. Ona görə də neft quyuları uğrunda gedən məhkəmədə ingilis hökuməti hər vasitə ilə öz şirkətinin haqlarını müdafiə edir. Onu da deyək ki, ingilislər neft quyularını əsl sahiblərinə verməmək üçün bütün vasitələrdən istifadə edirlər. Kitabda bəhs edilən sənədlərdən biri də Türkiyə hökumətinin İraq neftinə münasibəti ilə bağlıdır. Mahmud Saminin yazdığına görə, Türkiyənin bu məsələyə ilk müdaxiləsi Abdulhəmidin türk vətəndaşı olaraq, ondan qalan əşyalara haqq tələb edilməsi ilə bağlı idi. Türkiyə İngiltərə hökumətindən vətəndaşlarının miras haqlarının qorunmasını və onların payının verilməsini tələb edirdi. Ancaq İngiltərə hökuməti varislərin bu haqlarını rədd edib.

Osmanlı varisləri ortaq məxrəcə gələ bilmirlər

Onu da deyək ki, neft quyularına sahiblik uğrunda gedən mübarizə Osmanlı ailəsi içində də çəkişmələrə səbəb oldu. Məhkəmə xərclərinin çoxluğu və varislərin bir-birindən xəbərsiz məhkəmədə iddia qaldırmaları ingilislərin xeyrinə oldu. Çünki varislər bu məsələdə ortaq məxrəcə gələ bilmirdilər. 1970-ci ilə qədər məhkəmə işində heç bir nəticə əldə edilmədi. Bunu görən Mahmud Saminin böyük qardaşı Bahəddin ABŞ və Fransadan olan vəkillərə arxalanaraq, yeni bir iddia qaldırmaq istəyirdi. Onu da deyək ki, bu günə qədər Avropanın müxtəlif ölkələrində Osmanlı mallarından pay almaq üçün onlarla könüllü hüquq şirkəti qurulmuşdu. Əgər məhkəmə udulsaydı, vəkillər bundan xeyli qazanacaqdılar. Ancaq hər dəfə də qeyd etdiyimiz kimi, məsələnin arxasında ingilis hökumətinin dayanması bu işin ədalətlə həll olunmasına mane oldu. Ona görə də Osmanlı ailəsi məhkəmə xərclərinə pul çatdıra bilməyərək, 1998-ci ildə geri çəkilməyə məcbur oldu. Bir amerikalı hüquq şirkəti ilə əlaqə quran Bahəddin Sami məhkəmə xərcləri üçün lazım olan 25 min dolları vermək məqsədi ilə ailənin digər üzvlərindən yardım istədi. Onun məhkəmə xərcinin yalnız yarısını - 12 min 500 dolları ödəməyə gücü çatırdı. Varislərdən digəri Saffət Neslişah Sultan qalan məbləği ödəməkdən imtina etdi. Nəticədə, 79 il sürən məhkəmə iddiası qapandı. Amma buna qapandı da demək olmaz. Çünki bu iş hələ də açıq qalıb...

Osmanlı mülkləri sahibsiz qaldı

Osmanlı ailəsinin mülkləri ilə bağlı məhkəmədə iştirak edən vəkil Ömər Köçər Sultan Abdulhəmidin neft quyuları və onun varislərinin on illər boyu davam edən məhkəməsinin sonunun necə qurtaracağı barədə məsələnin qarışıq bir iş olduğunu deyir. Vəkilə görə, Osmanlı mülkləri üzərində mülkiyyət hüququna sahib olmaq cümhuriyyətin qurulmasından bu günümüzə kimi həlli mümkün olmayan bir problemdir. Türkiyə torpaqlarında Osmanlıdan qalan digər mülklərin də məhkəməlik olduğunu söyləyən Köçər bunların hamısının dövlətə məxsus olduğunu vurğulayır. Bundan əlavə, sultan və ailələri ölkə torpaqlarında şəxsi mülklərə də sahib olublar. 1924-cü ildə qəbul edilən qərarla bütün dövlət torpaqları və şəxsi mülklər üzərində varislik hüququ ləğv edildi. Həmin qərara görə, 1 il müddətində satılacaq mülklərdən əldə ediləcək gəlirlər varislərin ailə üzvlərinə ödəniləcəkdi. Ancaq bu, gerçəkləşmədi. Bir çox daşınmaz mülk sahibsiz qaldı və ya başqa adamların əllərinə keçdi. Bu mürəkkəb məsələ  günümüzə kimi həllini tapmamış qalıb. Köçər bu səbəbdən Sultan Abdulhəmidin miras yolu ilə ailəsinə keçən Mosul və Kərkük neft quyuları üçün açılan məhkəmənin udulmasının inandırıcı görünmədiyini deyir. Buna da səbəb Osmanlı İmperiyasının çökməsi və onun yerində qurulan cümhuriyyətin öz qanunlarını ortaya qoymasıdır...

Ertan Altan

Mənbə: http://www.zaman.az/site/shownews.php?news_id=8687



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha