Bəxtiyar Hacıyevin cavabları / 1-ci hissə /
Əvvəlcə Mayıs bəyə məni İctimai bloquna qonaq olaraq dəvət etməsi, mənim sual və cavablarda heç bir senzuranın qoyulmaması ilə bağlı təklifimə müsbət cavab verməsinə görə təşəkkür edirəm. Düşünürəm ki, gənclərin bir-birlərinə suallar verərək onları daha yaxından tanıması bir çox şaiyələrə, şübhələrə son verə bilər. İnsanlar arasındakı ünsiyyətin daha da uğurlu olması üçün Joseph Luft və Harry Ingham tərəfindən qurulmuş Johari pəncərəsi ilə bağlı psixoloji tədqiqatlardan birində deyilirdi ki, insanların özünə məlum olan tərəfləri başqalarına məlum olmayanda(Johari pəncərəsində Façade hissəsi) bu ciddi problemlər yaradır. Əksinə, insanlar bir-birləri haqqında nə qədər çox məlumatlı olsalar, ünsiyyət o qədər uğurlu olar. Son zamanlar bir sıra gənclər hərəkatları, təşkilatları və fərdlər arasında da olan gərginliklərin kökündə də məlumatsızlığın və gənclərin bir-birini tanımamasının yatdığını görmək olar. Ümid edirəm ki, bu bölmə gənclər arasında dialoq üçün uğurlu bir addım olacaq.
Salam. Bəxtiyarla ünsiyyət imkanı yaratdığınıza görə sizə minnətdaram. Əslində sualım çoxdu. Amma hamısını bir dəfəyə soruşmayacam. Birinci sualım belədi:
- Bəxtiyar, mən bildiyimə görə sən ABŞ-a getməzdən qabaq AİSEC-Azərbaycanın rəhbəri olmusan. Həm bu təşkilatda çalışdığın dövrdə, həm də ondan əvvəl gənclərin beynəlxalq tədbirlərdə iştirak etmələri üçün bir çox fəaliyyətlər göstərmisən. Maraqlıdır, ilk belə təşəbbüsü başlayanda hansı düşüncələrin var idi? Sənin bu təşəbbüsü irəli sürməndə kimin və ya kimlərin rolu olub?
Bəxtiyar Hacıyev cavablandırır:
Hörmətli İlkin bəy,
1999-cu ildə İtaliyada Beynəlxalq Fizika Olimpiadası zamanı İtaliyanın bir neçə universiteti, oradakı dərslər, elm və təhsilin inkişafı ilə tanış olmaq imkanım oldu. Bundan başqa İtaliyanın müxtəlif sahələrdə çox inkişaf etdiyini müşahidə etdim. Gənclərimizin beynəlxalq elm olimpiadalarında inkişaf etmiş ölkələrinin gənclərini geridə qoyması, qazanan medallar, uğurlar məni bir sual ətrafında düşündürməyə başladı: "Əgər insan olaraq, beyinlərimizin funksiyası, qabiliyyəti olaraq inkişaf etmiş ölkələrin gənclərindən fərqimiz yoxdursa, hətta bəzən onları qabaqlayırıqsa, ölkələrimiz arasında yaranan inkişaf fərqləri nələrdir?" Belə izah etmək mümkündürsə, inkişaf etmiş ölkələrdən birində qısa müddət olmağım, öz ölkəmizin də inkişaf etməsi üçün ürəyimdə müəyyən hissləri, beynimdə müəyyən fikirləri oyatdı. Məhz buna görə çox çalışmışam ki, gənclərimiz beynəlxalq gənclər təşkilatlarında aktiv iştirak etsinlər, onlardan geridə qalmadıqlarına, əksinə bir çox üstünlüklərinin olmasına inansınlar, digər ölkələrdə müsbət məqamları görüb, ölkəmizdə də həmin sahələrdə müsbət addımlar atmaq üçün çalışsınlar. Bundan əlavə dünyada Azərbaycanla bağlı məlumat yetərsizliyi və səhv məlumat bolluğu var. Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı məlumatın Azərbaycan gənci tərəfindən birbaşa verilməsi daha düzgün olardı. Eyni zamanda müəyyən beynəlxalq gənclər təşkilatları var ki, bu gün onların fəal olan üzvləri gələcəyin ölkə rəhbərləri, baş nazirləri, millət vəkilləri, iş adamları, diplomatlarıdır. Belə təşkilatların gəncləri arasında Azərbaycan gənclərinin olması və indidən onlarla səmimi dost əlaqələrinin qurulması gələcəkdə Azərbaycan üçün bir çox məsələnin asanlıqla həll olunmasına səbəb ola bilər. Bir çox ölkələrin siyasətlərində şəxsi əlaqələrin və dostluqların rolu danılmazdır.
Təbii ki, bu prosesdə mənim çox çətinliklərim olurdu. Mən müəyyən yaxşı gəlirli işlərdən imtina edib bu işlərə sərf edirdim vaxtımı. Xarici ölkələrdə pulsuzluq, soyuq, aclıq, xəstəlik və digər çətinliklərlə üzləşirdim. Elə vaxtlar olurdu ki, beynəlxalq tədbir üçün getdiyim ölkədə tədbirdən sonra gecə qalmağa yer üçün ödəməyə pul tapılmırdı. Lakin düz yolda olduğumu düşünürdüm və bütün bu çətinliklər mənə zövq verirdi. Beynəlxalq tədbirlər zamanı ac olsam da, gecə soyuqda müxtəlif yerlərdə qalsam da, gündüzlər başımı dik tuturdum və yüksək əhval ruhiyyədə işlərimə davam edirdim.
Bu gün istər AIESEC təşkilatının inkişafı və onun xətti ilə gənclərin xaricdə təcrübə keçməsi, bəzi gənclərin ölkəmizə gəlməsi, istərsə də digər təşkilatlar vasitəsi ilə beynəlxalq tədbirlərdə iştirakını təmin etdiyim gənclərin Azərbaycandakı fəaliyyəti məni ruhlandırır və zənnimdə yanılmadığımı göstərir.
Salam Bəxtiyar,
Bildiyimiz kimi ABŞ-da təhsil almaqla bərabər ölkənin mühim ictimai və siyasi hadisələrində də yaxından iştirak edirsiniz. Məsələn, bu yaxlnlarda H. Klintonun seçki kompaniyasında iştirakınızı, oradakı Azərbaycan icması ilə sıx əlaqələrinizi, Vaşinqtonda bir sıra önəmli mövqelər ilə olan görüşlərinizi sadalamaq olar.
Bəzi mənbələr bu tipli görüşlərin qarşı tərəfdən təşkil olunduğunu və müəyyən məqsədlərə xidmət etdiyini deyir. Görüşdüyünüz şəxslərin Azərbaycanda kifayət qədər nüfuza malik bir gəncin yeni yaranacaq olan müxalif qrupun gənclər arasında yayılmasında sizin dəstəyinizdə maraqlı olduqları deyilir. Bir növ "məxməri inqilabın" Azərbaycan varantı üçün gənclər arasında ideoloq vəzifəsi daşımanızı istəyiblər. Xüsusilə Vaşinqton görüşlərində.
Zəhmət olmasa bunlara münasibətinizi bildirərdiniz. Bir də, ümumiyyətlə bu görüşlərin mahiyyəti və daxili haqqında mümkünsə məlumat verərdiniz.
Bəxtiyar Hacıyev cavablandırır:
Hörmətli Elçin bəy,
Bir çoxları mənim fəaliyyətimi, həbsimi, təhsilimi Gürcüstandakı "Qızılgül inqilabı" və Ukraynadakı "narıncı" inqilabla əlaqələndirməyə çalışırlar. Bütün şübhələrə son qoymaq üçün bu suala həm qısa, həm də ətraflı cavab vermək istərdim.
Qısa cavab: Neftli torpaqda qızılgül yetişmir, yetişsə də tez solur. (Botanika sahəsindəki ən son elmi tədqiqatların nəticələrini araşdıra bilərsiniz)
Ətraflı cavab: Gürcüstanda və Ukraynada baş vermiş inqilablarda Qərbin verdiyi hərtərəfli dəstək heç kimə sirr deyil. Bu inqilablarla bağlı sənədləri, son yazılmış kitabları oxuduqda bunu çox aydın müşahidə eləmək olar. Qərb inqilabı həyata keçirən siyasətçilərə dəstək verdiyi kimi, bu inqilablarda aktiv rolu olan gənclərə də kifayət qədər dəstək vermişdi. Bu da heç kimə sirr deyil.
Azərbaycan tərəfi Qərb dövlətlərini inandırmağa nail olub ki, böyük enerji layihələrinin həyata keçirilməsi, boruların təhlükəsizliyi üçün ölkədə stabillik, demokratiya və şəffaflıqdan daha əhəmiyyətlidir. Lakin yaddan çıxarmaq lazım deyil ki, stabillik və demokratiya bir-birinə zidd anlayışlar deyil. Bu gün dünyanın ən inkişaf etmiş ölkələri, tutaq ki, hazırda təhsil aldığım, dünyada super güc olan, demokratiyanın dünyada yayılmasına liderlik edən Amerika Birləşmiş Ştatlarında da sabitlik var.
Burada stabilliyin qorunması üçün jurnalistlər, gənclər öz fərqli fikirlərinə görə həbs edilmir. (Əksinə, inkişaf üçün fikirlərin müxtəlifliyi müsbət qəbul edilir) Əgər bu səhv addımlar Azərbaycanda baş verirsə, deməli müəyyən dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklərin Prezident səviyyəsində olması şərt deyil. Dəyişikliklər xalqı narazı salan və inqilaba zəmin hazırlayan məmurlar səviyyəsində olsa, neftli torpaqda qızılgül böyütmək istəyən bağbanlara ehtiyac olmayacaq. Gürcüstanda inqilab zamanı E.Şevardnadzeni şəxsi cangüdənlərindən başqa narazı kütlənin qarşısında heç bir məmur qorumadı. Hətta güc strukturları da. Halbuki, bu narazılığın yaranmasında birbaşa vəya dolayısı ilə həmin məmurların çox böyük rolu olmuşdu. Qərbdə digər post-sovet ölkələrinin rəhbərlərindən fərqli olaraq gənc Prezident İlham Əliyevin müəyyən qədər islahatçı və müsbət imici var. Zənnimcə ölkə Prezidenti Azərbaycanda qeyri-demokratik addımları atan və bu addımların atılmasının vacibliyinə inandıraraq onu inandırmağa çalışan yaşlı nəslin məmurlarını tədricən istirahətə və öz təcrübələrini gənc nəsillərə ötürmək üçün kitablar yazmağa göndərsə, onları yeni nəslin açıq düşüncəli gəncləri ilə əvəz etsə bunun özü inqilab olar. Həmin şəxslər də bunu normal qəbul edib könüllü şəkildə həyatlarının böyük bir hissəsini arxada qoyduqdan sonra, bu illəri öz ailələri, övladları ilə istirahətdə keçirsələr daha yaxşı olar, nəinki müxtəlif siyasi qalmaqallar, çəkişmələr, mübarizələrdə. Bu il Azərbaycanda seçkilər ilidir və bu addımları atmaq üçün yaxşı imkan var. Bu addımlar həm də Prezident seçkiləri zamanı ona xalqın narazı kütləsi tərəfindən də əlavə dəstək gətirə bilər.
Ölkədə narazı kütlənin olmasından, mövcud və yeni yaranacaq siyasi qüvvələrdən isə qorxmaq lazım deyil. Hər bir normal ölkədə hakimiyyətə nəzarət etmək, müxtəlif sahələrdəki siyasətinə alternativ siyasət təklif etmək, müəyyən məqamlarda hakimiyyəti səhv addımlardan çəkindirmək üçün alternativ qüvvələrə ehtiyac var. Enerji resurslarının alternativliyinin üstünlüyünü anlayanlar, hakimiyyətə vəya hərhansı bir siyasi liderə alternativin olmamasını müsbət hal kimi qəbul etməməlidirlər. Ümumiyyətlə, hər bir məsələdə alternativin olması əlavə üstünlükdür. Çox təəssüflə qeyd edim ki, bu gün mövcud olan müxalifətin də bəzi simaları hakimiyyətdəki şəxslərlə eyni formada, uzun illər eyni kresloda oturaraq gənclərin qarşısını alırlar. Ölkə siyasətində hər tərəfdə gəncləşmə getməlidir. Güclü liderlərə güclü rəqiblər, onların ətrafındakı gənclər də müəyyən səviyyəli olmalıdır. Lakin bu gəncləşmə də bioloji yaş baxımından yox, şəxsi keyfiyyətlər və düşüncə gəncliyi baxımından olmalıdır. Bir tərəfin siyasi partiyasında olan məddah və yaltaq gənclər, digər tərəfin siyasi partiyasında isə tərcüməçi vasitəsi ilə sərxoş halda ölkənin gələcəyini yad qüvvələrlə müzakirə edən populist gənclərin olduğu siyasi sistemlə çox davam etmək olmaz. Qərb strukturları da başa düşməlidir ki, neft layihələrinin təhlükəsizliyi üçün stabillik kifayət deyil, stabilliyin davamlılığı da lazımdır. Bu gün baş verən qeyri-demokratik bəzi hadisələr isə radikallığa gətirib çıxara bilər. Bunun baş verməməsi üçün həm iqtidarda, həm müxalifətdə sürətli yeniləşmə olmalıdır.
Sualın digər hissələrinə gəldikdə, mənim müxtəlif namizədlərin seçki kampaniyasında iştirak etməyim, onların məsləhətçiləri ilə görüşüb fikir mübadiləsi aparmağım kifayət qədər normal haldır. ABŞ-da seçiləcək Prezidentin kimliyi sadəcə Amerika xalqı üçün yox, dünyanın bir çox ölkələri üçün əhəmiyyətlidir. ABŞ Prezidentinin səhv bir qərarı dünyanın digər bir ölkəsində minlərlə, on minlərlə insanın həyatına mənfi təsir etdiyi və son qoyduğu kimi, gələcək Prezidentin hərhansı bir düzgün qərarı dünyanın digər ölkələrdindəki minlərlə insanın həyatına müsbət təsir edə və minlərlə insanı xilas edə bilər. Ona görə bu seçkilərdə kimin qalib gəlməsi, onun Azərbaycanla bağlı fikirləri, planları, Qarabağ münaqişəsinin həllində oynayacağı rol bizim üçün də əhəmiyyətli olmalıdır.
Vaşinqtonda keçirilən görüşlər isə təhsildən sonra karyera məsələləri ilə bağlı idi, hərhansı siyasi xarakter daşımırdı.
Bextiyar, 2007-ci ilin yanvarinda polisler terefinden tutuldun ve sehv elemiremse 2 gun bolmede qonaq
qaldin. Hemin 2 gun erzinde neler barede dushundun? Chixa bilmeyeceyin aglina geldimi?
Bəxtiyar Hacıyev cavablandırır:
Hörmətli Orxan bəy, əvvəlcə qeyd edim ki, bu həbs məni həddindən artıq çox təəssüfləndirmişdi. Birincisi ona görə ki, hərhansı bir gəncin hökümətin hərhansı iqtisadi bir qərarı, siyasəti ilə razılaşmamasına, qərara etiraz üçün imza toplamasına görə həbs edilməsi normal hal deyil. İkincisi ona görə ki, yuxarıda qeyd elədiyim kimi mən bir çox çətinliklərlə də olsa, ölkəmizin maraqları, inkişafı üçün çalışırdım. Bu çətinliklərim, sıxıntılarım müxtəlif səviyyədə dövlət məmurlarına və rəsmi qurumlarına da məlum idi. Onlar yaxşı bilirdi ki, hətta mən rəsmi olaraq BMT Baş Assambleyasında Azərbaycanı təmsil edəndə də müxtəlif maddi sıxıntılarla, çətinliklərlə orada iştirak etmişdim. İlk suala cavab olaraq yazdığım kimi, mən bütün bunları öz iradəmlə edirdim və bunlara görə mənəvi zövq alırdım, həmişə digər ölkələrin nümayəndələri yanında başımı dik tuturdum. Lakin bütün bu çətinliklərlə fəaliyyət göstərdiyim bir məqamda polislər tərəfindən müxtəlif yerlərə aparılmağım, üzərimin yoxlanması, çantamda olan "The Economist" jurnalının məqalələrinin oxunub tərcümə edilməsi, cibimdəki flaş-yaddaş qurğusunda yazılmış sənədlərin bir-bir oxunması, tərcümə edilib dinlənməsi məni çox təəsüfləndirmişdi. Bundan sonra məhkəməyə aparılıb 12 günlük azadlıqdan məhrum edilməyimlə bağlı qərarın üzümə oxunması isə mənim üçün şok idi. Mən o ana qədər baş verənlərin həqiqət olduğuna inana bilmirdim.
Düzdür, sizin də qeyd etdiyiniz kimi orada "qonaq" qismində qaldım, həbsimin səbəbini bilən polislər, idarə işçiləri, məhkəmədə çalışanlar kifayət qədər hörmətlə yanaşırdılar mənə. Hətta qərarı oxuyan hakim xanım bir neçə sualımdan sonra duyğulanmışdı və gözləri dolduğuna görə üzünü pəncərəyə tutub söhbətin yekunlaşdığını bildirmişdi. Mən onların heç birini tam olaraq qınaya bilmirəm. Onların da övladları var, onlar da ata və analardır, heç vaxt istəməzlər ki, onların övladları belə bir səbəbə görə həbsdə olsun. Lakin həmin şəxslərə o göstərişi verən mənbəni mən bağışlaya bilmirəm.
Polis idarəsində saxlandığım müddətdə düşünürdüm ki, əgər 12 gün müddətində həm cəmiyyət tərəfindən, həm də rəsmi dövlət qurumları tərəfindən hərhansı ciddi reaksiya olmasa və 12 gün ərzində qərar dəyişməsə, ölkənin gələcəyi ilə bağlı bütün ümidlərim öləcək. Lakin ilk gündən sevindim ki, həm mətbuatda, həm beynəlxalq təşkilatlarda, həm iqtidara yaxın gənclər arasında, həm müxalifətə yaxın gənclər arasında, həm müstəqil fikirli, həm Rusiya təhsilli, həm Amerika təhsilli, Türkiyə təhsilli və digər gənclər arasında bu qərar çox sərt etiraza səbəb oldu. Həm gənclərin bu sərt etirazı, həm də bəzi açıq düşüncəli dövlət məmurlarının məsələyə vaxtında reaksiyası onunla nəticələndi ki, 2 gün sonra bu qərar dəyişdi və mən azadlığa çıxdım. Deməli, Azərbaycanda hələ bütün ümidlər ölməyib, müəyyən anlarda bütün tərəflər birləşib müəyyən dəyişikliklər edə bilirlər. Mən fürsətdən istifadə edib həmin ərəfədə mənim azad olunmağım üçün dəstək verən bütün gənclərə və dövlət qurumlarına təşəkkür edirəm. Onlar sadəcə mənim 10 gün əvvəl azadlığa çıxmağıma yox, həm də ümidlərimin ölməməsinə səbəb oldular.
Bextiyar sen oxuyub qayidandan sonra seni ishle temin etmeseler ne edeceksen?
Bəxtiyar Hacıyev cavablandırır:
Hörmətli İmran bəy,
Mən hazırda işlə təmin olunmaq üçün təhsil almıram. Hələ Bakıda təhsil aldığım müddətdə müxtəlif yerlərdə işləmişəm. İctimai fəaliyyətdə olduğum müddətdə həm müəyyən dövlət qurumlarında, həm beynəlxalq təşkilatlarda, həm də özəl şirkətlərdə kifayət qədər yaxşı şərtlərə işlər təklif olunub. Əminəm ki, təhsilimi başa vurduqdan sonra belə təkliflər olacaq. Hazırda təhsil aldığım Harvard Universitetinin Kennedi İdarəçilik məktəbinin məzunları dünyanın müxtəlif ölkələrində müxtəlif vəzifələrdə çalışırlar. Məsələn, yaxınlarda bir xeyriyyə aksiyasının keçirildiyi kilsənin gənc pastorunun 2004-cü ildə buradan məzun olduğunu öyrəndim. 2004-cü ildə eyni zamanda hazırda Serbiyanın gənc xarici işlər naziri Vuk Jeremic buradan məzun olmuşdu. Onlar bura daxil olanda müxtəlif sahələrdən gəlirlər. Kimisi fizika sahəsində, kimisi hərbi elmlərdə, kimi diplomatiya, digəri səhiyyə, təhsil və digər sahələrdə oxuyan və çalışan insanlar olur. Lakin bütün məzunları birləşdirən bir cəhət var - xalqa xidmət(Public service). Bu xidməti kimsə pastor qismində, kimsə QHT rəhbəri qismində, kimsə özəl sektorda, kimsə beynəlxalq təşkilat səviyyəsində, kimsə də dövlət rəsmisi olaraq edir. Kennedi məktəbinin məzunlar arasında BMT Baş Katibi Ban Ki Moon kimi şəxslər olduğu kimi, hərhansı bir QHT rəhbəri də var. Bu işlər və vəzifələr onların nə qədər yaxşı oxumasını, nə qədər uğurlu olmasını yox, həmin şəxslərin xalqlarına və insanlara xidmət üçün seçdikləri yolu göstərir. J.F.Kennedinin 1961-ci ildəki çıxışında "Soruşma ki, ölkən sənin üçün nə edib. Soruş ki, sən ölkən üçün nə etmisən" şüarı, təhsil aldığım məktəbin əsas prinsipidir. Ona görə də işin əmək haqqı, vəzifə və iş yerinə yox, həmin iş vasitəsi ilə hansı formada xalqın rifahı üçün daha çox çalışmağın mümkünlüyünə fikir vermək lazımdır.
Bextiyar salam. Menim uchun ABS-daki telebelerle bizim telebelerimiz arasindaki oxsharliq ve ferq maraqlidi. Senin mushahidelerin necedi?
Bəxtiyar Hacıyev cavablandırır:
Hörmətli Anar bəy, Amerikada tələbənin təhsili onun məhsuldarlığı və effektiv işi ilə bağlı işə götürən qurumlara siqnal verir. Tələbənin aldığı qiymətlər, qazandığı nailiyyət onun bu sahədə nə qədər məhsuldar çalışacağı ilə bağlı informasiya verir. Hətta təhsilin verdiyi siqnal və ölkə iqtisadiyyatında asimetrik informasiya probleminin həlli ilə bağlı yazdığı elmi işə görə Maykl Spens 2001-ci ildə Nobel Mükafatına layiq görülmüşdü.
Amerikada müəyyən yerlər var ki, oranı bitirən şəxslərin bir çoxuna əlavə yoxlamadan keçirmədən iş təklif edirlər. Çünki həmin yerlərdən təsadüfi məzun olmaq olmur və müəyyən nailiyyətlərlə məzun olmaq üçün həm istedad, həm bacarıq, həm bilik, həm də çalışqanlıq lazım gəlir. Azərbaycanda isə istənilən bir gənc, müxtəlif yollarla ali məktəbə qəbul ola bilər, imtahanlardan asanlıqla keçə bilər, hətta əla qiymətlərlə universiteti başa vurub fərqlənmə diplomu ilə məzun ola bilər. Azərbaycanda işə götürən tərəflər üçün bir çox halda diplomun olması gəncin effektivliyi, məhsuldarlığı ilə bağlı siqnal vermir. Məhz buna görə Azərbaycanda və Amerikada tələbələrin təhsilə yanaşmasında ciddi fərqlər var. Məsələn, burada dərslərə davamiyyət məcbur olmadığı halda hər bir şəxs dərslərdə müntəzəm iştirak edir, çünki təhsilə qoyduğu sərmayə qarşılığında bilik əldə etmək, burada keçirdiyi müddətdən sonra diplom əldə edərək öz məhsuldarlığı ilə bağlı siqnal vermək istəyir. Dərslərdə və imtahanlarda köçürmənin qarşısını almaq üçün ciddi yoxlamalar olmasa da, tələbələr öz vicdanı ilə qoyulmuş suallara cavab axtarmağa çalışırlar. Ona görə ki, məqsəd diplom almaq yox, bilik qazanmaqdır. Çünki lazımi səviyyədə bilik olmadan diplom qazanmaq mümkün deyil. Azərbaycanda isə mən əksini müşahidə edirdim. Tələbələr imtahanlardan əvvəl müəllimlərin yazdırdıqlarını əzbərləyir, müxtəlif resurslardan məlumatı köçürür, qısa imtahanlar müddətində müxtəlif yollarla əla qiymətlər almağa çalışırdılar. Çünki, məqsəd diplom əldə etmək idi. Lakin heç kim düşünmürdü ki, bu diplom onun məhsuldarlığı ilə bağlı lazımi siqnalı ətrafa vermir. Məhz buna görə də bir çox gənc diplomu olduğu halda işlə təmin edilməməsindən şikayətlənir. Təbii ki, burada gənclərdən əlavə ölkədə təhsil siyasətini quran və həyata keçirən qərar verici insanların da qüsurları çoxdur. Təhsilin və diplomun lazım olan siqnalı verməməsinin başlıca səbəblərindən biri də təhsil sistemində mövcud olan rüşvətxorluq və korrupsiyadır.
Bundan əlavə, tələbələrin ictimai fəaliyyəti də Azərbaycandakından fərqlidir. Burada tələbələr müxtəlif siyasi aksiyalarda, xeyriyyə tədbirlərində iştirak edir, dərslərdən sonra həftə sonlarında əyləncələrlə həm dostluqlarının möhkəmlənməsinə çalışır, həm də növbəti həftəyə gümrah başlamaq üçün yorğunluqlarını atırlar. Bəzən gecələr qayıqla suyun ortasında çay, qəhvə söhbətləri, bəzən hərhansı bir şəhərə birlikdə səyahət, müxtəlif idman tədbirlərində iştirak tələbə həyatını zənginləşdirir. Azərbaycanda isə tələbə hər gün dərsdən dərhal sonra evə gedir, TVlərdəki müxtəlif deyişmələrə, qalmaqallı verilişlərə, müsabiqələrə, seriallara baxır. Bu da dolayısı ilə tələbəni ictimai fəallıqdan məhrum edir. Mən çox istərdim ki, Azərbaycanda universitetlərin həyətinə açılan qapılar saat 18:00-da polis nəzarəti ilə bağlanmasın. Tələbələr dərsdən sonra kitabxanada kitab oxumaqla yanaşı, müxtəlif otaqlarda müxtəlif kiçik tədbirlər keçirsinlər, çay və qəhvə süfrəsi arxasında müəyyən məsələləri müzakirə etsinlər, yeni fikirlər ortaya atıb onları inkişaf etdirsinlər, müxtəlif filmləri izləyib müzakirə etsinlər. Məhz belə təhsil sistemi həm savadlı, həm də faydalı vətəndaşlar yetişdirə bilər.
Bu suali ozunden burada da sorusa bilerdim. Senin isteyinle senzura olmadigina gore saytda sorusuram. Bakida hokumetde isleyen bir dostum dedi ki, Mehriban Eliyeva ozune yeni partiya yaradir, seni de orada gormek isteyir. Bu duzdur? Hetta dediyine gore beynelxalq fizika olimpiadasini da onun fondu ile Azerbaycanda kecireceksiniz.
Bəxtiyar Hacıyev cavablandırır:
Emil bəy,
Əvvəlcə qeyd edim ki, Mehriban xanıma həm bir xanım kimi, həm birinci xanım kimi, həm də təhsil, səhiyyə, mədəniyyət sahələrində atdığı uğurlu addımlara görə hörmət edirəm. Həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində bir çox birinci xanımda onda olan imkanlar var. Lakin hamısı bu addımları atmır.
Çox güman ki, siz fizika olimpiadası deyəndə Beynəlxalq Texniki Elmlər Olimpiadasını nəzərdə tutursunuz. Mən orta məktəb illərində Beynəlxalq Fizika Olimpiadasında iştirak etsəm də, sonradan Texniki Elmlər üzrə Beynəlxalq Olimpiadalarda Azərbaycan məktəblilərinin rəhbəri qismində iştirak etmişdim və Beynəlxalq İdarə Heyətinin üzvü seçilmişdim. Ölkməmizdə müxtəlif beynəlxalq tədbirlərin keçirildiyini nəzərə alaraq, İdarə Heyətinin iclaslarından birində növbəti olimpiadalardan birinin Azərbaycanda keçirilməsinin mümkünlüyünü qeyd etmişdim və Bakıya qayıdanda Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fonduna bu məsələ ilə bağlı təklif vermiş, müxtəlif görüşlərdə olimpiadanın mahiyyəti haqqında danışmışdım. Keçən il, Gənclər günü ilə bağlı ölkə Prezidenti ilə görüşdən sonra müxtəlif gənclərin Prezidentlə bağlı yazdıqları kitabları, çap etdikləri qəzetləri ona göstərdiklərini gördüm. Mən də orada iştirak edən beynəlxalq fənn olimpiadalarının qalibləri olan məktəbliləri ölkə Prezidentə təqdim etdim və son illər bu sahədə qazanılmış uğurlar barəsində qısa məlumat verdim. Daha sonra belə bir olimpiadanın növbəti illərdə Azərbaycanda keçirilməsinin mümkünlüyünü qeyd etdim və orada iştirak edən Gənclər və İdman Naziri Azad Rəhimovun yanında cənab Prezident bu təklifə müsbət yanaşdığını dedi. Sonradan öyrəndim ki, Gənclər Nazirliyi bu təşəbbüslə bağlı müsbət qərar verib və növbəti beynəlxalq olimpiada gələn il Azərbaycanda keçiriləcək.
Mən müxtəlif səbəblərə görə bu prosesdə kənardan müşahidəçi şəklində qalmağa üstünlük verdim. Azərbaycanda kifayət qədər olimpiada qalibləri var ki, olimpiadalar haqqında kömək etsinlər. Elmi məsələlərlə bağlı kifayət qədər nüfuzlu elm adamlarımız var. Təşkilati məsələlərdə Gənclər və İdman Nazirliyinin kifayət qədər böyük təcrübəsi və imkanları var. Ona görə heç şübhə etmirəm ki, bu Beynəlxalq Olimpiada çox uğurla keçiriləcək, dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn istedadlı gənclərdə ölkəmizlə bağlı müsbət təəssüratlar oyanacaq, öz gənclərimiz arasında elmə və təhsilə maraq oyanacaq. Qeyd etdiyim kimi, mən həm təhsilimlə əlaqədar, həm də müəyyən səbəblərə görə müşahidəçi olmağı planlaşdırıram. Eyni zamanda istəməzdim ki, hansısa bir məsələ bir şəxsin adı ilə bağlansın. İnsanlar təşəbbüs irəli sürürlər, lakin lazımi dəstək olmasa və bu işləri görən digər insanlar olmasa, şəxslər tək işlərin öhdəsindən gələ bilməzlər.
Mehriban xanımla bağlı verdiyiniz sualı son zamanlar bir neçə nəfər verib. Hətta Bakıdan bir jurnalist məktub yazaraq Amerikada birinci xanım Hillary Klintonun seçki kampaniyasındakı iştirakımı, Mehriban xanımın gələcək kampaniyaları ilə əlaqələndirməyə çalışmışdı. Hər iki birinci xanımın səhiyyə və təhsil məsələlərində müəyyən işlərə öz imzasını atdığını deyən və bir çox oxşarlıqlar aparan jurnalist də sizin soruşduğunuz suala bənzər sual soruşmuşdu. Məndə heç Mehriban xanımın yeni partiya yaradacağı ilə bağlı məlumat yoxdursa, orada hərhansı formada iştirakımın nəzərdə tutulması ilə bağlı nə deyə bilərəm?
BƏXTİYAR HACIYEVİN CAVABLARI (2-ci hissə)
BƏXTİYAR HACIYEVİN CAVABLARI (3-cü hissə)
BƏXTİYAR HACIYEVİN CAVABLARI (4-cü hissə)
ƏGƏR SƏN DƏ BƏXTİYARDAN NƏ İSƏ SORUŞMAQ İSTƏYİRSƏNSƏ, O ZAMAN GECİKMƏDƏN SUAL VER!!!



