Reklam verin!

Bəxtiyar Hacıyevin cavabları / 2-ci hissə /

Matin soruşur:

Bextiyar, salam.
Iki sualim olacaq sene.
Fizika, riyasiyyatdan siyasi elmlere kechmeyini nece izah ederdin. Ozu de nezere alsaq ki ,sende deqiq elmler pis alinmirmish.
Shekillerinden, videolarindan gorunur ki, sen USA deki sechkilerde Amerikadaki azerbaycanlilar shebekesinden ferqli olaraq bashqa bir namizedi destekleyir ve ya simpatyan var. Iki muxtelif sechimdeki ferqlilikleri hansi arqumentlerle izah ede bilerdin. Sozsuz ki, arqumentler namizedlerin xarici siyasetine yonelik olacaq.
Chox sag ol.

Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Mətin,

1 ) Əvvəlcə ictimai-siyasət anlayışı ilə siyasi elmlər, siyasət anlayışlarının eyni olmadığını qeyd etmək istəyirəm(Public policy vs politics, political science)

Bu gün Azərbaycanda ictimai-siyasi qərarları verən bir çox şəxs həm bu sahədə, həm siyasi elmlərdə ixtisaslaşmış, elmi dərəcələri, nailiyyətləri, məqalələri, kitabları olan şəxslərdir.  Onların həyata keçirdiyi siyasətdən razısınızmı?

Ali məktəbə sənəd verəndə sinif rəhbərimiz hər birimizlə tək-tək görüşüb gələcəkdə hansı sahədə uğurlu ola biləcəyimizlə bağlı məsləhətlər verir, müxtəlif qruplara istiqamətləndirirdi. Mənimlə olan görüş çox qısa oldu. Sinif rəhbərim mənə belə demişdi:  “bəzilərini humanitar sahələrdə bacarığına görə müəyyən qruplara, bəzilərini texniki elmlərdə istedadlarına görə həmin sahələrə istiqamətləndirdim. Səninlə bağlı konkret bir şey deyə bilmərəm, hansı istiqamətdə getsən uğurlu olacağına inanıram.”

Mən ölkəmizdə təhsil sisteminin və elmin inkişafını istəyirəm. Bəzən orta məktəb illərində Beynəlxalq Fizika Olimpiadasına hazırlaşdığım günlər, gecələr müxtəlif fizika məsələlərinin həlli üçün baş sındırmağımız, riyazi hesablamalar etməyimiz yadıma düşəndə keçmiş günlər üçün darıxıram. Lakin mən ölkəmizdə nəinki müasir, heç normal şəraitdə olan hərhansı bir elmi laboratoriya, elmi mərkəz olmadığı halda bu sahəyə necə gedə bilərdim? Ən yaxşı halda xaricdə təhsil alıb, bu sahədə diplom alıb ölkəyə qayıda, digər bir sahədə işləyən şəxs olardım. Lakin indi təhsil aldığım universitetin əlaqələri, imkanları, verdiyi təhsil mənə imkan verir ki, öz ölkəmizdə elm və təhsil sahəsində yeniliklər etmək üçün təkliflər verim, həyata keçirilən işlərin bir hissəsi olum.

Təhsil aldığım Harvard Universitetinə müraciət edəndə yeganə narahatçılığım ilk ixtisaslarımın fizika, riyaziyyat olması idi. Lakin bura gəldikdən sonra gördüm ki, burada keçilən dərslərin əksəriyyətində riyazi analiz, məntiqi yanaşma, alqoritmik düşüncə tələb olunur. Bu ixtisaslarda ilkin təhsilim keçilən dərsləri qavramağımda çox kömək olur mənə. Yaxşı qərarlar vermək üçün bəzən riyazi yanaşma, statistic məlumatları düzgün analiz etmə, qərar vermədə alqoritmik yanaşma tələb olunur. Öz fəaliyyətimdə, müxtəlif beynəlxalq tədbirlər zamanı müzakirə edilən problemlərin həllində məhz texniki və dəqiq yanaşma nəticəsində uğurlu və bir çoxlarının üzünü güldürən praktiki təkliflər vermişəm və bu təkliflər məsələlər ətrafında gedən uzun-uzadı müzakirələrə son qoyub. Bizdə olduğu kimi verilən qərarın nə qədər uğurlu olması onun kimin tərəfindən verilməsi ilə yox, hamı tərəfindən qəbul edilən elmi standartlarla müəyyənləşdirilir, hamı bu qərarın ən optimal qərar olması ilə razılaşır. Onu da qeyd edim ki, mənimlə birlikdə ordudan, biznes strukturlarından, xeyriyyə cəmiyyətlərindən, təhsil və digər sahələrdən müxtəlif yaşlı insanlar təhsil alır. Harvardın digər məktəblərindən fərqli olaraq, J.F.Kennedi məktəbində təhsil alanları bir xüsusiyyət birləşdirir – öz ölkəsinin və xalqının gələcəyinə xidmət arzusu.

Sualınızın ikinci hissəsinə cavab yazdığım ərəfədə məlumat aldım ki, ABŞda yaşayan Azərbaycan icması Demokrat namizədlərdən Senator Hillari Klintona üstünlük verdikləri ilə bağlı məlumat yayıblar. Kennedi məktəbində təhsil aldığım ilk yarım il ərzində Amerikada müxtəlif siyasətçilərin həyata keçirdikləri islahatlar, atdıqları addımlar, gördükləri işlər, məsələlərə yanaşmaları ilə tanış oldum. Xanım Klintonun bir neçə sahədə yürütdüyü siyasət və apardığı mübarizəyə və bəzi şəxsi səbəblərə görə onun namizədliyinin dəstəklənməsi ilə bağlı çalışmağa başladım. Amerika seçkilərində son ana qədər kimin qələbə çalacağı ilə bağlı dəqiq bir fikir bildirmək çətindir. Məsələn, seçki prosesinin əvvəlində Respublikaçı Senator Con Makkeyn (John McCain) son sıralarda idisə, indi Respublikaçıların siyahısına liderlik edir və favorit olaraq göstərilir. ABŞ-dakı Azərbaycan icması onun namizədliyinin dəstəklənməsi ilə bağlı qərar verdi. Lakin son illərdə hazırkı respublikaçı Prezident Buşun bir çox sahədə uğursuz siyasəti, ABŞ xalqının növbəti seçkilər zamanı bir Respublikaçıya yox, Demokrat namizədə üstünlük verməsi ilə nəticələnə bilər. Məhz buna görə hər bir güclü namizədin seçki kampaniyasında aktiv iştirak etməli, onların ən yaxın dəstəkçilərinə, siyasi məsləhətçilərinə öz varlığımızı göstərməliyik. Kimin qalib gəlməyindən asılı olmayaraq, bu namizədlərin hər biri kifayət qədər nüfuzlu və geniş imkanlara sahib siyasətçilərdir.

 
shirin bala soruşur:

Bextiyar, iki sualim var
1. Size nece muraciet edilende xoshunuza gelir: bey, ya muellim???
2. Yene de ataniz gelende notebooku qiz shekillerinden temizleyirsiz?

 


Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Şirin bala adlı istifadəçi,

1-ci suala cavab: Müəllim ifadəsi YAP gəncləri arasında, bəy ifadəsi müxalifətyönlü gənclər arasında yayılmış müraciət formasıdır. Mənə həmyaşıdınız və adi bir vətəndaş kimi adımla müraciət edə bilərsiniz. Hətta orta məktəbdə dərs dediyim bəzi şagirdlərim bu gün mənə adım ilə müraciət edir.

2-ci suala cavab: Senzuranın olmaması ilə bağlı sayt sahibinə təklif verməyim o demək deyil ki, şəxsi həyatımla bağlı istənilən məsələni soruşa bilərsiniz. Lakin, soruşduğunuza görə cavablandırıram. Mənim fərdi kompüterimdə olan sənədlərə ailəmizdə heç kim nəzarət etmir. Ailəmiz mənim şəxsi həyatıma müdaxilə etmir. Kompüterimdə kifayət qədər yaxşı tanımadığım xanımların fotoları yoxdur. Bir dəfə  həmyerlimiz olan və ABŞda təhsil alan bir xanımla çəkdirdiyim bir neçə fotonu  yanlış anlama olmaması (gələcək gəlin kimi qəbul edilməməsi üçün)  üçün ümumi fotolar qovluğundan başqa qovluğa köçürmüşdüm.

P.S: Sualı öz adınızla soruşsaydınız daha yaxşı olardı. Onsuz da sualın məzmunundan və yazı tərzinizdən kim olduğunuzu tanıdım. : )

 
Arif soruşur:

Salam Bəxtiyar. Azərbaycan müxalifət nümayəndələrindən kimi şanslı görürsən prezident seçkilərində, yoxsa onların heç bir şansı yoxdu? Sənin fikrin maraqlıdı...

Səncə başqa biradam seçilsə əgər, ölkədə hansı dəyişikliklər baş verə bilər?

İndiki şəraitdə sən prezident seçilə bilsən (yəni yaşın 35-dən yuxarı olmuş olsaydı) ilk olaraq hansı dəyişikliyi edərdin?


Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Arif,

Hər bir ölkədə müxalif qüvvələr olmalıdır. Müxalif qüvvələr hakimiyyətdə olan qüvvələrin fəaliyyətinə nəzarət etməklə yanaşı, müxtəlif sahələrdə müxtəlif alternativ siyasi yanaşma ortaya qoymalıdırlar. İstər Prezident seçkilərində, istərsə də Parlament seçkilərində hələ ki, seçicilər müxtəlif siyasətlərə yox, müxtəlif şəxslərə və partiyalara səs verirlər.

Bəziləri bunu başqa cür qəbul edə bilər, lakin mənim bu gün Azərbaycanda müxalifət funksiyasını həyata keçirən insanlarla bağlı fikirlərim birmənalı deyil.  Müxalifət partiyaları əhali arasında normal, şəffaf, ədalətli sorğu keçirə bilmirsə, nəticələri saxtalaşdıraraq özlərinə yaxın şəxsi sorğunun qalibi elan edirlərsə, ölkədə keçirilən seçkilərdə hansı ədaləti, şəffaflığı tələb edə bilərlər? Əgər sorğuların həqiqi nəticələri hərhansı müxalifət partiyasının liderinə xalq tərəfindən lazımi dəstəyin olmadığını göstərirsə, həmin lider öz iradəsi ilə yerini bu funksiyanı daha yaxşı həyata keçirən şəxslərə verməlidir.

Hamıya məlumdur ki, ölkə Prezidenti İlham Əliyev bir çox tərəfi ilə güclü namizəddir. Hakimiyyətin mətbuat, maliyyə və digər resurslardakı üstünlüyünü, hazırkı müxalifət liderlərinin birləşə bilməməsini, innovativ metodlardan istifadə edə bilməməsini, məhdud imkanlarla böyük nəticələr əldə edə bilməməkləri, şəxsi ambissiyalarını nəzərə alaraq onu deyə bilərəm ki, İlham Əliyev üçün yeni və daha güclü müxalifət lazımdır.

Məncə dəyişikliklərin baş verməsi üçün hakimiyyətə kimin gəlməsini yox, hakimiyyətdə olanlardan kimlərin getməsini müzakirə etmək lazımdır. Məni bir vətəndaş və seçici kimi bir sual maraqlandırır. Tutaq ki, Prezidentliyə namizəd Ümid Partiyasının rəhbəri İqbal Ağazadənin komandasında kimlər var bu gün? Təhsil, Maliyyə, İqtisadi İnkişaf, Səhiyyə, Mədəniyyət və Turizm, Müdafiə nazirləri postuna namizədləri kimlərdir? Hansı müxalifət partiyasında tam formalaşmış, peşəkar kadrlardan ibarət, təcrübəli bir komanda mövcuddur?

Düşünürəm ki, seçki ilindən istifadə edib Azərbaycanın ictimai-siyasi həyatında ədalətsiz addımlar atan və bu addımların atılmasına şərait yaradan şəxslər növbəti hökümətdə təmsil olunmasalar, kifayət qədər irəliləyiş əldə etmək olar.

Dəyişikliklər etmək, ölkənin inkişafı və xalqa xidmət üçün prezident olmaq vacib deyil. Lakin növbəti Prezidentlərdən ölkədə elm və təhsilin inkişaf etməsi üçün şərait yaratmağı, dövlət qulluqçularının vəzifələrinə yanaşmasını dəyişməyi xahiş edərdim. Prezident xalqın dövlət qulluqçularına yox, onların xalqa xidmət etməli olduğunu öz komandasına izah etməli, məhz bu düşüncədə olanları öz komandasında saxlamalıdır.   Bu sadə yanaşma olmadıqdan sonra komandada kifayət qədər bilikli, bacarıqlı, təcrübəli kadrlar olsa da, ciddi dəyişikliklər əldə etmək olmaz.

  

İlkin soruşur:

İkinci sualım.
Bəxtiyar sən Azərbaycan üçün can yandırırsan, necə düşünürsən, əməyin hədər getməyəcək ki,


Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli İlkin,

Can yandırırsan ifadəsi bir az mübaliğəli olub. Hər bir vətəndaşın, hər bir gəncin öz ölkəsi, öz xalqını sevməsi, bu yolda müəyyən addımlar atması normal haldır və hər bir gənc bundan mənəvi zövq almalı, qürur duymalıdır.  Əməyin hədər getməməsi deyəndə hərhansı nəticə ilə bağlı soruşursunuzsa, belə cavablandıra bilərəm. Bəziləri deyir ki, sən idealistsən, Azərbaycan reallıqlarını görmürsən, yaxşı olar ki, özünü Azərbaycan reallıqlarına uyğunlaşdırıb özün və gələcək ailən üçün yaxşı şərait yaradasan. Mənim onlara cavabım belə olur: Əgər reallıqlar bizim dəyərlərimizə və fikirlərimizə uyğun deyilsə, mən dəyərləri reallıqlara görə dəyişməyin yox, reallıqları dəyərlərə və fikirlərimizə görə dəyişməyin tərəfdarıyam. Aydındır ki, birinci yol asan, ikincisi çox çətindir. “Gələcək ailələrinizə yaxşı şərait yaradın” deyəndə “yaxşı şərait” ifadəsi bu gün ölkəmizdə olan problemlərin içində bahalı avtomobildə gəzməkdirsə, mənə o yaxşı şərait lazım deyil. Mən istəmirəm ki, cəmiyyətimizdə valideynlərimizin bizə miras qoyduğu problemləri gələcək nəsillərə miras qoyaq.  

 

Elshad Mammadzada soruşur:

Salam Bextiyar,
xaricde tehsil uzre dovlet programini men eshidende qurur hissi duydum ki artiq bizim de savadli genclerimiz Azerikada ve Avropada tehsil alib dovletimizi, milletimizi ve xalqimizi temsil edecekler, ve bununla beraber tanidacaqlar, ve bunu illerdi hem olke daxilinde hemde olke xaricinde eden Bextiyar Haciyevin adnin dovlet programindan chixaridigini eshidende bir sual verdim "yaxshi Bextiyar deyide movcud sheraitde ondan da ustun kim??? veya kimler???"
eslinde Bextiyar sualim tek sene de deyil...
Regards,
Elshad R. Mammadzada

 

Bəxtiyar Hacıyev cavablandırır:

Elşad bəy,

Yaxşı olardı ki, bu sualı Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramını idarə edən şəxslərə verəsiniz. Mənim sualın birinci hissəsi ilə bağlı onların əvəzinə cavab verməyim düzgün olmazdı. Lakin sualınızdan istifadə edib qeyd etdiyiniz Dövlət Proqramı haqqında fikirlərimi bildirmək istərdim. Proqramın şərtlərindən biri budur ki, dövlət hesabına xaricdə təhsil alan gənclər Azərbaycana qayıtdıqda dövlət qurumlarında 5 il müddətinə işləməlidirlər. Məhz bu baxımdan həmin proqram çox əhəmiyyətlidir. Proqram xətti ilə xaricə göndəriləcək şəxslərin hansı xüsusiyyətlərə görə seçilməsi, hansı ölkələrə gedəcək şəxslərə təqaüd ayrılması, hansı ixtisaslara üstünlük verilməsi ilə bağlı aydın və şəffaf prinsiplər olmalı, proses ədalətli keçirilməlidir.

Çox təəssüf ki, qeyd edilən Dövlət Proqramı həyata keçirildiyi ilk ildə çox ciddi nöqsanlar, hətta ədalətsiz addımlar oldu. Lakin mən hər bir hadisədə müsbət tərəfləri görməyə üstünlük verirəm. Bir tərəfdən mənə təqaüd veriləcəyi ilə bağlı məlumat verib bir neçə ay sonra, dərslərin başlamasına bir neçə gün qalmış mənfi cavab almağım mənə hələ də hər gün müxtəlif maddi, mənəvi, fiziki əziyyətlər verirsə, digər tərəfdən bu əziyyətlərin məni həyatın daha çətin sınaqlarına hazırladığını düşünürəm. Bu ədalətsiz addımı atan şəxslər bir tərəfdən bir qapını üzümə bağladılar, lakin bu çətinliklər digər qapıları üzümə açdı. Təqaüdün verilməməsi ilə bağlı sadəcə onu deyə bilərəm ki, bu qərar bir il ərzində mənə qarşı ikinci səhv qərar, uğursuz addım idi.   Ümid edirəm ki, bunu həmin şəxslərin özləri də başa düşüblər.

 

BƏXTİYAR HACIYEVİN CAVABLARI (1-ci hissə)

BƏXTİYAR HACIYEVİN CAVABLARI (3-cü hissə)

 BƏXTİYAR HACIYEVİN CAVABLARI (4-cü hissə)

 ƏGƏR SƏN DƏ BƏXTİYARDAN NƏ İSƏ SORUŞMAQ İSTƏYİRSƏNSƏ, O ZAMAN GECİKMƏDƏN SUAL VER!!!

BƏXTİYAR HACIYEV KİMDİR???



Şərh yazma qapalıdır.

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif