Bəxtiyar Hacıyevin cavabları / 3-cü hissə /
Ə. Əhməd soruşur:
Salam. Netdə dolaşarkən belə bir forum gördüm. Açığı gənclərin Röyadan başqa bir şey haqqında danışdıqlarına çox sevindim. Demək Azərbaycan gəncliyi hələ ki, düşünə bilir.
Uzun giriş yazdım keçək suala-bir az olar ki, tanışlarımla son zamanlar aktiv olan təhsil qanunu haqqında mübahisə edirdik. Hər iki təhsil sistemində-Sovet və ya Prrusiya-alman təhsil sistemində, həm də Qərb təhsil sistemində oxumusunuz. Hansı daha üstündür?. Azərbaycanda Sovet təhsil ənənələrindən imtina etməyinə nə ehtiyac? Qəbul edək ki, sovetlərin nəyi də olmasa təhsili var idi. təşəkkürlər.
Bəxtiyar Hacıyev cavablandırır:
Hörmətli Əli Bəy,
Ölkələrin təhsil sistemləri ilə, onların cəmiyyətləri, iqtisadiyyatları, ümumi fəlsəfələri arasında bir bağlılıq var. Əgər Azərbaycan Sovet İttifaqının bir hissəsi olanda kommunizm rejimində, kommunist cəmiyyətin bir hissəsi idisə, müstəqillik qazandıqdan sonra, cəmiyyətimiz, iqtisadiyyatımız da dəyişdi. Bazar iqtisadiyyatına keçdikdən sonra ölkədəki təhsil sistemini Sovet ittifaqında olduğu səviyyədə və formada saxlamaq mümkün olmazdı. Qərb təhsil sistemində təhsilə ümumi yanaşma sovet təhsil sistemindən fərqlənir. Burada bir çox fərqlər var, lakin mən düşünürəm ki, birinci növbədə təhsil sistemində azad seçim ən əhəmiyyətli fərqlərdən biridir. Əgər bu gün Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat fakültəsində oxuyan bir şəxs, təhsili müddətində 30 dərs keçirsə, bu fənnlərin heç birini və öz müəllimini, dərsin vaxtını öz iradəsi ilə seçə bilmirsə artıq məcburi olaraq xüsusi bir çərçivəyə salınır. Tələbə məcbur olur ki, öz gələcək karyerasında istifadə etməyəcəyi dərsləri də oxusun, onlardan imtahan versin, onun üçün münasib olmayan vaxtlarda dərslərə gəlsin və ödənişli ixtisaslarda bütün bunlara görə təhsil haqqı ödəsin. Amma indi təhsil aldığım Kennedi Məktəbində hər semestr 1-2 əsas dərsdən(hansılar ki, ixtisasla birbaşa əlaqəlidir və diplom almaq üçün o dərslər götürülməlidir) əlavə, tələbənin imkanı var ki, öz marağına, gələcək planlarına, bacarığına uyğun olan yüzlərlə dərsdən bir neçəsini seçsin. Hətta bundan əlavə universitetin xüsusi müqaviləsi olan digər universitetlərdə təqdim olunan dərsləri seçə bilər. Kimya fənninə marağı olmayan və gələcəkdə kimyanın istifadə olunacağı bir sahədə çalışmağı planlaşdırmayan bir tələbəyə, məcburi olaraq kimya dərsi keçirilmir və ondan bu fənn üzrə imtahan verməsi tələb olunmur. Bundan başqa tələbəni müəllimin dərs keçmək stili, tərzi qane etmirsə, o semestr ərzində eyni fənni keçən digər müəllimin qrupuna keçə bilər. Yenə heç bir tələbə istəmədiyi müəllimdən, istəmədiyi fənn üzrə dərs almağa məcbur edilmir. Məhz bu fərq əsasında digər fərqlər də ortaya çıxır. Seçim azadlığı olan tələbə təhsilə ayırdığı maliyyəni və vaxtı investisiya kimi qiymətləndirir və təhsilə iqtisadi yanaşma yaranır. Tələbə başa düşür ki, ayırdığı vaxt və maliyyə qarşılığında öz ixtisası üzrə bilik əldə etməlidir. Tələbə plaqiatizmə, köçürməyə meyilli olmur.
Hazırki təhsil sistemimizdən Qərb təhsil sisteminə keçidi digər bir məsələ də zəruri edir. Azərbaycan artıq müstəqil dövlətdir və Avropanın bir hissəsidir. Bu gün Azərbaycanda alınan diplomların, keçilən dərslərin digər avropa universitetlərində tanınması kifayət qədər çətindir.
Təhsil sistemlərindən hansının üstünlüyü isə mübahisəli məsələdir. Sovet təhsil sistemində təhsil alan yaşlı nəslin nümayəndələri bu günə qədər bir çox sahədə, bir çox məsələdə dərin məlumata malikdirlər. Müxtəlif nəzəriyyələr, fəlsəfi fikirlər, fizika-riyaziyyat qanunları haqqında danışa bilər, həndəsi düsturları əzbər deyə bilərlər. Lakin həmin nəslin nümayəndələri arasında bir sahədə ekspert olan çox az insan var. Qərbdə isə ixtisaslaşma daha güclü gedir və təhsil alan şəxsə öz sahəsində dərin bilik verilməklə yanaşı, digər sahələrdə lazım olacaq məlumatı əldə etmək bacarığı verilir. Ola bilər ki, Qərbdə kimya sahəsində oxuyan bir şəxs Malavinin paytaxtının adını bilməsin, lakin həmin şəxs o məlumat lazım olduqda onu necə əldə edəcəyini bilir. Eyni zamanda tələbələrə araşdırma, müzakirə bacarıqlar verilməsində də ciddi fərqlər var. Sovet sistemində daha çox müəllim tələbəyə mühazirə oxuyurdusa, Qərb təhsil sistemində müəllim tələbəyə ilkin məlumat verib, onu istiqamətləndirir, müzakirələr təşkil edir və tələbə dərslərdəki interaktiv metodlarla, öz istəyi və marağı ilə lazım olan məlumatı əldə edir.
Matin soruşur:
Bextiyar, bir daha salam. Ola bilsin suallarim kifayet qeder aydin deyildi, amma sen menim suallarima cavab vermedin. Men demirem ki riyaziyyatdan senin tehsil aldigin saheye kechid chetin ve ya qeyri mumkundur. Kechidini onunla esaslandirisan ki, fizika ile bagli Azerbaycanda sherait yoxdur. Evvelden hevesini, enerjini bu saheye verende de fizika Azerbaycanda eyni seviyyede idi. Diger terefden sen meselen, iqtisadiyyat da seche bilerdin.
Yeni, mene maraqli olan o idi ki senin heyat felsefende her hansi radikal deyishiklikler oldu?
Ikinci sualda ise, duz buyurursan ki, butun namizedlerle ishlemek lazimdir. Amma sonunda birini sechmek mecburiyyetinde qalirsan. Burada da sohbet xarici siyasetden, ermeni soyqirimindan ve Garabag munaqishesine ferqli baxishlardan gedirdi, daxili islahatlardan, shexsi kriteryilardan yox. Yeni senin Amerikan kimi yox, Azerbaycanli kimi munasibetinden.
Eziyyet chekib suallarima qayitsan, minnetdar olaram.
Bəxtiyar Hacıyev cavablandırır:
Hörmətli Mətin bəy,
Əvvəlcə onu qeyd edim ki, fizika sahəsində oxuyanda Təhsil Nazirliyi (Nazir müavini Elmar Qasımov) tərəfindən Rusiyada fizika ixtisası üzrə təhsil ala biləcəyim bildirilmişdi. Daha sonra bəzi səbəblərə görə bu məsələ alınmadı.
Təbii ki, fikirlərimdə müəyyən dəyişikliklər baş verdi. Belə olmasaydı, elə fizika sahəsində xaricdə təhsil alardım. Fikirlərimdəki dəyişikliklərin səbəbini birinci cavabımda izah etmişəm. Düşünürəm ki, bu gün Azərbaycana bir fizikdən daha çox, gələcəkdə normal səviyyədə təhsil almaq üçün şərait yaradılmasına çalışan bir şəxs lazımdır.
Sualınızın ikinci hissəsinə də Azərbaycan vətəndaşı kimi münasibət bildirmişdim. Amma yenə təkrar edirəm. Əlbəttə Dağlıq Qarabağ münaqişəsi bizim üçün əhəmiyyətli və bir nömrəli məsələdir. Lakin Amerika Azərbaycan əlaqələri sadəcə Amerikanın ATƏT-in Minsk qrupunda həmsədr olması ilə məhdud deyil. Biz bütün şanslı namizədlərlə yaxından işləyərək gələcəkdə iqtisadiyyat, ticarət, elm, təhsil, mədəniyyət və digər məsələlərdə də iki ölkə arasında əməkdaşlığın artırılmasına çalışmalıyıq.
Rəsmi olaraq Azərbaycan icması Respublikaçı Senator Con Makkeyni dəstəkləyəcəyini bildirsə də, Demokratlardan isə sabiq birinci xanım Senator Hillary Klintona üstünlük verdiyini də bəyan edib. Con Makkeyn respublikaçılar partiyasında kifayət qədər nüfuzlu şəxsdir, Amerika xalqı onun vaxtı ilə hərbi əsir olmasına görə qəhrəman kimi tanıyır. Massaçussets ştatının keçmiş qubernatoru Mit Romney seçki prosesində iştirakını dayandırdığını bəyan etdikdən sonra Makkeynin Respublikaçılar tərəfindən nominasiya ediləcəyi çox az adamda şübhə doğurur.
Lakin bir məsələ var ki, Amerika siyasətində son 40-50 ildə statistika göstərir ki, əgər Amerika xalqı hərhansı başqa ölkəyə bir silahlı müdaxilə, müharibə zamanı Prezident və onun tərəfdaşları ətrafında sıx birləşirlərsə də, müharibə uzandıqca verilən ictimai dəstək tədricən azalır. Bu gün Amerikada bir çox siyasi ekspertlər, analitiklər tərəfindən Cor Buş İraqdakı hərbi əməliyyatların uğursuzluğunda ittiham edilir. Amerika xalqının böyük əksəriyyətini də bu problem narahat edir və məhz buna görə bəzi siyasi ekspertlər Noyabr ayındakı Prezident seçkilərində demokratların qələbə qazanmaq şansının daha çox olduğunu deyirlər. Xüsusi ilə Respublikaçılardan ən güclü namizəd Con Makkeyn birmənalı olaraq İraqdakı hərbi əməliyyatları dəstəklədiyini, bu prosesin lazım gəlsə 100 il də davam edəcəyini bildirir. Ona görə çalışmaq lazımdır ki, demokratlar tərəfində də dəstəklədiyimiz namizəd olsun.
Bu günə qədər Azərbaycana qarşı ən sərt ittihamlarla çıxış edən namizəd İllionis ştatından senator Barak Obamadır. Bunun da səbəbini başa düşmək elə də çətin deyil, onun xarici siyasət üzrə məsləhətçisi və eyni zamanda bizdə - Kennedi məktəbində professor olan Samanta Poverdir. Samanta Pover dırnaqarası erməni soyqırımı üzrə ixtisaslaşmış və ermənilərə yaxınlığı ilə tanınan insandır. Amma bu ittihamlara baxmayaraq, biz həm də Barak Obamanı özümüzdən uzaqlaşdırmamalıyıq. Ən azından ona görə ki, onun hələ də demokratlar tərəfindən nominasiya ediləcəyi şansı var və prezident seçilməsi ehtimalı var. İkinci bir tərəfdən, əgər o Prezident seçilməsə də kifayət qədər böyük imkanları, şəbəkəsi olan nüfuzlu bir senatordur. Ermənilərin və onlara yaxın məsləhətçilərinin istiqamətləndirməsi ilə verdiyi bəyanatlara görə onu özümüzə düşmən etməli deyilik, əksinə daha çox çalışmalıyıq ki, istər dağlıq Qarabağ məsələsində, istərsə də digər məsələlərdə ona düzgün məlumat verilsin.
shirin bala soruşur:
Ilk suallarimi cavablandirdiginiz ucun teshekkurler!
Tehsilinizi bitirib olkeye qayitdiqdan sonra hansisa bir muxalifetden olan namized sirf maddi qarshiligi odenilmekle size oz secki kampaniyasi doneminde qerargahinda ish teklif etse razi olardinizmi? Bu zaman ne qeder maasha razilasardiniz?
Bəxtiyar Hacıyev cavablandırır:
Hörmətli Şirin bala,
İstər Amerikada təhsil aldığım müddətdə keçdiyim dərslər zamanı , istərsə də Amerikadakı Prezident seçkilərinin ilkin mərhələsində seçki qərargahlarında iştirakım zamanı kifayət qədər təcrübə topladığıma inanıram. Seçki kampaniyalarının keçirilməsi, onlarda uğur qazanmaq üçün öyrəniləcək kifayət qədər çox şey var. Hətta oxuduğum universitetdə “Seçkiləri necə qazanmaq olar və seçki kampaniyaları” adlı dərs də keçirilir. Təbii ki, ölkədə müsbət dəyişikliklər edəcəyinə inandığım şəxslər müraciət etsə, öz təcrübəmi paylaşa bilərəm.
Leman soruşur:
Salam Bextiyar! Sadece olaraq sene ugurlar dileyirem
Bəxtiyar Hacıyev cavablandırır:
Hörmətli Ləman xanım,
Minnətdaram! Mən də sizə uğurlar arzulayıram.
vikipediyachi soruşur:
Salamlar. Sizin vikipediya kimi layihələrə münasibətinizi bilmək maraqlı olardı. Gənclərin inkişafında vikipediya (az.wikipedia.org) kimi açıq layihələri necə qiymətləndirirsiz. Ümumiyyətlə en, ru və ya başqa bir vikidə hesabınız varmı? Təşəkkürlər
Bəxtiyar Hacıyev cavablandırır:
Hörmətli Vikipediyaçı,
Gənclərimizin Vikipediya və digər açıq resurslardan istifadəsini kifayət qədər müsbət qiymətləndirirəm. İstifadə ilə kifayətlənməyib bu resurslara məlumat yükləyənlərin, xüsusi ilə Azərbaycanla bağlı informasiya yerləşdirilməsi isə təqdirə layiqdir. Demək olar ki, hər gün bir neçə dəfə Vikipediyaya müraciət etməli oluram. Mənim də vikipediyada hesabım var, imkanım olanda məlumat yükləməyə də çalışıram. Lakin yayım hüququm olmayan məlumatı yükləmirəm və bir çox halda yayımı açıq olan məlumatı yükləmək istəyəndə artıq həmin məlumatın mövcud olduğunu görürəm. Sizə bu böyük resursun inkişafında göstərdiyiniz xidmətə görə təşəkkür edir və uğurlar arzulayıram.
Aghilli bala soruşur:
Salam Bekhtiyar bey. Siz bu gun Az-da tehsil alan telebelere ne meslehet gorerdiz, yeni ne ile mehsgul olsalar daha yaxshidir? Oxumagdan elave.
Bəxtiyar Hacıyev cavablandırır:
Hörmətli Ağıllı bala,
Birincisi həqiqətən oxumaqla məşğul olmağı məsləhət görərdim. Həm dərsləri, həm də dərslərdən əlavə kitabları. Bir zamanlar mənə müəllimlərimizdən biri vaxt gələcək, kitab oxumağa imkan tapmayacaqsınız, çətinləşəcək deyəndə bu mənə inandırıcı görünmürdü. Lakin indi keçmişdə kifayət qədər boş vaxtımız olduğuna baxmayaraq bir çox kitabları oxumadığıma görə təəssüflənirəm. İnsanın yaşı artıqca, ailə həyatı qurduqdan sonra şəxsi inkişaf bir az çətinləşir. Gənclər gənclik illərində hər günü, hər saatı, hər dəqiqəni səmərəli keçirmək üçün yollar axtarmalıdırlar. Məncə hər bir gənc günlük və həftəlik olaraq özünə hesabat verməlidir. “Mən bu həftə hansı kitabları oxudum, hansı görüşlərdə iştirak etdim, nə öyrəndim, hansı kurslara getdim, hansı filmlərə baxdım, necə istirahət etdim, fiziki sağlamlıq üçün nələr etdim və s..” Müəyyən bir yaşa qədər insan özünü necə formalaşdırırsa, həyatının qalan hissəsi də təxminən elə davam edir. Həyatdan nə istədiyini müəyyən edən hər bir gənc, istədiyini əldə etmək üçün ümidlə və inamla addımlamalıdır.
BƏXTİYAR HACIYEVİN CAVABLARI (1-ci hissə)
BƏXTİYAR HACIYEVİN CAVABLARI (2-ci hissə)
BƏXTİYAR HACIYEVİN CAVABLARI (4-cü hissə)
ƏGƏR SƏN DƏ BƏXTİYARDAN NƏ İSƏ SORUŞMAQ İSTƏYİRSƏNSƏ, O ZAMAN GECİKMƏDƏN SUAL VER!!!



