Əsrlərin, nəsillərin bayramı: Novruz

Sərhədləri, əsrləri, nəsilləri aşaraq millətlərin və xalqların dünyəvi bayramına çevrildikcə, əksər Şərq toplularının nümayəndələri Novruzu öz məişəti ilə, adət-ənənələri ilə bağlamağa çalışmışdır. Məhz buna görə də bu ümumi bayram barədə Şərq dünyasında müxtəlif mülahizələr, adət-ənənələr, mərasimlər, əfsanələr, rəvayətlər yaranmışdı. Türksoylu və farsdilli xalqlar Novruza özlərinin milli bədii ornamentlərini qatmış, onu özünəməxsus ümumxalq şənliyinə çevirmişlər.
"Novruz" sözü qədim Avesta ― azəri dilində "təzə gün", "yeni ruzi" deməkdir. Bu mənada Novruz bayramının ruzi, məhsul, nemət ilə bağlılığına şühbə ola bilməz. Şərq xalqları, xüsusən də azərbaycanlılar Novruzu yeni ilin başlanğıcı hesab edərək, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdiriblər. İnsanlar hər il mart ayının ikinci yarısında bu gözəl bayramı baharın gəlişi kimi təmtəraqla qarşılayıblar və indi də bu ənənə davam etdirilir. Əsrlər boyu nəsillər tərəfindən unudulmayan, heç vaxt köhnəlməyən, yaddaşlarda yaşaya-yaşaya, bu günümüzə qədər gəlib yetincə cilalanmış və daha da gözəlləşmiş Novruz ta qədimlərdən ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün ― Suyun, Odun, Yelin (Havanın), Torpağın isinməsi, "dirilməsi" istəyi ilə bağlıdır.
Xalqımızın ən əski inamlarına görə, elə-obaya fayda verməyən hər bir şey "ölü" hesab olunurdu. Qışda torpağın nemətlərdən məhrum olması ― məhsul verməsini "dayandırması", onun "donması" insanın ən zəruri həyati tələbatından məhrum olması kimi başa düşülürdü. Yay-payız mövsümündə əldə edilən azuqə ehtiyatı tükəndikcə, insanda torpağı oyatmaq, əkib-becərmək istəyi artırdı. Torpaq isə "dirilmirdi", oyanmırdı. Tarlaların, bağ-bağçaların, yerin oyanmasından ötrü isə su, hərarət (istilik, od, Günəş) və yel (hava) gərək idi. Məhz bu arzu-istək ilə bağlı xalqımız lap qədimdən həmin dörd ünsürlə əlaqədar özünün zəngin adət-ənənə, etiqad və ayinlərini yaratmışdır. Təzə ilin başlanmasına dörd həftə qalmış bu ayin və etiqadların icra olunmasına başlanırdı.



