İlaxır çərşənbələr
Novruza qədərki hər bir çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilirdi. Əcdadlarımızın ilkin təsəvvürlərində İlaxır çərşənbələr və ya ilin axır çərşənbələri yaranıb müqəddəsləşmişdi. Qədim inamlara görə, hər birində təbiətin dörd ünsüründən biri "dirilmiş" bu çərşənbələrlə bağlı xalq böyük el şənliyi və mərasimlər düzəldirdi və indiyə qədər də bu mərasimlər ümumxalq şənliyi kimi qeyd olunur.
Ayrı-ayrılıqda "Su çərşənbəsi", "Od çərşənbəsi", "Yel çərşənbəsi" və "Torpaq çərşənbəsi" adlandırılan "İlaxır çərşənbələr" insanları məhsul bolluğu yaratmağa, birlik və firavanlığa, halalığa, dostluğun, qardaşlığın sarsılmaz gücünün qüdrətinə inanmağa çağırırdı.
İlaxır çərşənbələrdə əsrlər ötdükcə insanın birgəyaşayışı və xoşbəxtliyi üçün xüsusi, son dərəcə əsas olan dünyagörüşlər yaradılırdı. Bu dünyagörüşlər isə adamları çox pis və zərərli niyyətlərdən, şər əməllərdən ― oğurluqdan, riyakarlıqdan, əxlaqsızlıqdan, təkəbbürlülükdən, paxıllıqdan, başqasının var-dövlətinə göz dikməkdən çəkindirir, onları halal zəhmətə çağırır, insanlarda əməyə, torpağa dərin məhəbbət aşılayırdı. Novruz ayin və etiqadlarında ədalətə, mərhəmətə, rəhmə, sevgiyə böyük ehtiram var.
İlaxır çərşənbələrin hər birində əzizlənən müqəddəs ünsürlərin il boyu insanın köməyinə gəldiyi barədə inam bu gün də qalır. Bu çərşənbələrin hər biri əcdadlarımızın əziz etiqadları, duyğuları ilə bağlıdır: onları öz dünənimiz, keçmişimiz kimi bilməyə, əməl etməyə hamımız borcluyuq.
Etnoqrafik qeydlərə nəzər salanda, İlaxır çərşənbələr barədə maraqlı məlumatlarla rastlaşırıq. Onların bəziləri ilə oxucularımızı da tanış edirik.
Su çərşənbəsi
Boz ayın dörd müqəddəs çərşənbəsinin birincisi "Əzəl çərşənbə" kimi tanınırdı. Xalq arasında ona təzə "doğulan", yeni gələn, "Əvvəl çərşənbə", "Su çərşənbəsi", "Gül çərşənbəsi" də deyirlər.Qədim inamlara görə, Əzəl çərşənbədə təzə ilin gəlişi münasibətilə ən əvvəl su təzələnir. Elə buna görə də bu çərşənbə su ilə, suyun təmizlənməsi ilə əlaqələndirilir. Əzəl çərşənbə suya tapınma inamı ilə başladığına görə, bütün insanlar hələ gün doğmamışdan çay, arx, bulaq, yaxud çeşmə üstünə getməli, axar suda əl-üzünü yumalı, bir-birinin üzünə su çiləməli, su üstündə atdanmalı, yaralıların, xəstələrin üstünə su səpməlidirlər ki, il boyu sağlam olsunlar. Çünki Əzəl çərşənbənin sübh tezdən köpüklənən ağ suyu bütün dərdlərin dərmanı hesab olunur. Bu vaxt buğdadan səməni qoymaq da lazımdır.
Su falı: Su çərşənbəsində sübh tezdən gedib axar sudan ― bulaqdan, çaydan, arxdan "lal su" gətirirlər: suyu evə gətirənə qədər heç kimlə bir kəlmə də kəsmək olmaz. Onu bir neçə piyaləyə töküb saxlayırlar. Axşam qızlar yığışırlar, hərə öz baxtına üzüyünü saçına sürtüb həmin piyalədəki suya salırlar. Üzük piyalənin divarına toxunub cingildəyir. Üzük neçə dəfə cingildəsə, deməli, sahibi olan qız həmin sayda ildən sonra gəlin köçəcək...
Od çərşənbəsi
İlaxır çərşənbələrdən ikincisi olan bu çərşənbəyə bəzən "Üsgü çərşənbə", "Üsgü axşamı", yaxud da əzizləmə mənasında "Addı çərşənbə" də deyilir. Od çərşənbəsi əski inamlara bağlı olub Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. Zərdüştlükdən çox-çox əvvəllər də insanlar inanırdılar ki, odu, Günəşi əzizləsələr, oxşasalar təbiət tez isinər, adamlara xoşbəxtlik gətirər.
Bu çərşənbədə oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunurdu. Günəş istisini arzulayan ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban aparardılar. Böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər. Səhər gün doğanda qurbanın ― kəhər atın başını kəsərdilər ki, adamlara, elə-obaya xoşbəxtlik, səadət gəlsin.
İnanclar: Ocaq yananda səslənirsə, demək, kimsə sənin sözünü danışır.
Ocağa yanaşanda salam ver, baş əy.
Ocağın tüstüsü üstünə gəlsə sevgilin gözəl olar.
Gün doğanda doğulan uşaq göyçək, pəhləvan olar.
Çıraq yandıranın çırağı sönməz olar.
Yel çərşənbəsi
El içində Yel çərşənbəsini "küləyi oyadan", "yelli", "Heydər" çərşənbəsi də adlandırırlar. Etiqada görə, bu çərşənbədə oyanan yel və külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən isti və soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi qəbul edilir. O, lazım gələndə, insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır. Odur ki, külək və yelin şərəfinə üçüncü çərşənbədə böyük mərasim keçirirlər.
Yel əsər, toz qoparar,
Ağacdan qoz qoparar.
Yellə gələn bəlanı,
Yel özü də aparar.
Torpaq çərşənbəsi
Novruz bayramı ərəfəsindəki çərşənbələrin sonuncusu hesab olunan və xalq arasında "İlaxır çərşənbə", "Yer çərşənbəsi", "Torpaq çərşənbəsi", "Çərşənbə-suri" kimi də tanınır. Bu çərşənbədə yer oyanır, torpaqda su, istilik və hava normallaşır, beləliklə, əkinə başlamaq olur.
Axır çərşənbə İlaxır çərşənbələrin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd olunur. Mərasim sübh tezdən suya tapınma ayini ilə başlayır. İnsanlar su kənarına gedir, su üstünə atdanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər. Bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Bu axşam üzərrik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasındı gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bəzi bölgələrdə axır çərşənbədə süfrəyə ət və toyuq əvəzinə ancaq balıq verirlər.
Əlbəttə, bütün çərşənbələrdə əsasən yeniyetmə və gənclərdən ibarət xüsusi musiqiçilər dəstəsi axşam qaranlıq düşəndən sonra ev-ev, oba-oba gəzər, çalıb-oxuyarlar. Bəxşiş, hədiyyə yığmaq, qurşaq atmaq indi də dəbdən düşməyib...
Səməni halvası: Axır çərşənbədə birinci çərşənbədə qoyulan buğdadan göyərmiş səməni təknədə döyülür, suyu çıxarılır və ondan səməni həlimi ilə səməni halvası bişirilir. Bir çox yerlərdə səməni həlimi çərşənbə günü yeddi qapıya paylanılır. Səməni suyundan bişirilən halva isə çox dadlı və xeyirli hesab edilir. Bunların hər ikisi Axır çərşənbənin ən əziz yeməkləri sayılır...
Şərq, yəni Hicri-şəmsi təqvimində yeni ilin başlandığı gün yazda ― gecə ilə gündüzün bərabər olduğu günə düşür. Bayram Hicri-Şəmsi təqvimi ilə fərvərdin ayının ilk gününə, Qriqorian ― indi ölkəmizdə qəbul edilən müasir təqvimə görə martın 21-22, nadir hallarda isə martın 23-ə təsadüf edir. İnsanlar bayrama çox ciddi şəkildə hazırlaşırlar. Yaşayış yerləri, həyət-baca, küçələr silinib-süpürülür, yeni pal-paltar alınır, bayram şirniyyatı bişirilir, qovğa qovrulur. Bayram günlərində dünyasını dəyişmiş qohum-əqrabaların qəbirləri üstünə gedib ruhları yad edilir, məzarlarının başında Yasin oxutdurulur. Küsənlər barışır, qohum-qonşu bir-birilərinin evlərinə getməklə əlaqələrini daha da möhkəmləndirirlər. Xüsusilə xəstələr və qocalara diqqət, uşaqlara qayğı artırılır. Bayram axşamı ailənin bütün üzvləri bir süfrə başına toplaşmalıdır. Süfrədəki insanların sayına görə şam yandırılır və bu zaman hər kəs ürəyində niyyət tutur. Şamı söndürmək günah hesab olunur. Ərinmiş şamın qalıqlarına əsasən niyyət yozulur. Bayramın səhəri sübh tezdən kişi ilə rastlaşmaq yaxşı əlamət sayılır. Əgər rastlaşdığın kişi "yüz il yaşa" desə, deməli, qarşıdakı ildə işlər lap yaxşı olacaq. Əgər qohumluq əlaqələri təzəcə yaradılıbsa, oğlan tərəfi qız evinə Novruz xonçası və qurbanlıq qoç aparmalıdır. Bizim günlərdə bayram adət-ənənələrinə bir qədər fərqli riayət olunsa da, əsasən dəyişməz qalıb. Bölgələrimizdə kiçik fərqləri çıxmaq şərtilə Novruz bayramına baxış eynidir. Bayramın əsas simvolları bunlardır: səməni, rəngə salınmış yumurta, müxtəlif şirniyyatlar, tonqallar, kosa və keçəl, qurşaq atmaq və b.
Bəzi vaxtlar Novruz şiə müsəlmanlarının Məhərrəmlik ayındakı Aşura matəm mərasiminə təsadüf edəndə keçirilən bayram tədbirlərində müəyyən dəyişikliklər edilir.
Tonqal başında: Şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və tonqal başına toplaşanların hamısı növbə ilə üç dəfə alovun üstündən tullanırlar. Bəzi bölgələrimizdə bayram tonqallarının sayı bir, bəzilərində üç, bir çoxlarında isə yeddiyə çatır. Böyüklər ailənin yaşca kiçik üzvlərini qucaqlarına alıb tonqalın üstündə tullanırlar. Bu, bütün azar-bezardan, bədbəxtliklərdən, fəlakətlərdən xilas olmaq, özlərini və yaxın adamlarını ərzində yol verilmiş günahlardan qurtulmaq niyyəti ilə edilir...



