Reklam verin!

Bəxtiyar Hacıyevin cavabları / son /

Mamed soruşur:

Salam Bextiyar .

Ilk sualima cavab verdiyinize gore teshekkur. Eslinde sualimda nehayi (ultimate) planinizi sorushmushdum, yeni loani odedikden sonra.

Birde imkan olsa qisa qisa bu suallara cavab verersiz:
1. Bir parcha ag kagiz ve murekkebinizolsa ne yazardiz ?
2. Heyata yeniden gelsez ne olardiz ?
3. Gezmeye gerib olke olmeye vetenyaxshi deyibler. Bextiyar qerib olkede Bextiyardir mi ?
4. Azerbaycan shriftleri ile type ederken eziyyet chekirsiz mi ?

Sebriniz uchun muteshekkirem

Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Mamed bəy,

1.İlk üç sualınız çox geniş suallardır. Yazı yazmaq üçün yazının yazılmasına ehtiyac olmalıdır. Əgər hərhansı bir yazının yazılmasına ehtiyac varsa və yazılmalı olan yazının yazılmasında mənim rolum ola bilərsə, ehtiyac olan yazını yazardım. Əks halda, yazı yazılmasına ehtiyac yoxdursa, ətraf mühitin qorunması üçün kiçik bir addım olsa da, kağızı boş yerə istifadə etməzdim. Lakin sualı verməklə mənim üçün ən əhəmiyyətli ifadələri öyrənmək istəyirsinizsə, yəqin ki, Vətən və vətənpərvərliklə bağlı ifadələr yazardım.

2. Yenə ehtiyacdan asılıdır. Əgər mən yenidən həyata qayıdanda cəmiyyətimizdə müəllimə ehtiyac olsa - müəllim, həkimə ehtiyac olsa - həkim , bağbana ehtiyac olsa – bağban olardım. Peşə seçimi ilə bağlı sualınızdan istifadə edib maraqlı bir təəsüratımı sizinlə bölüşmək istəyirəm. Bilirsiniz ki, Azərbaycanda gənclərin böyük əksəriyyətinin arzu etdikləri standart peşələr var. Bunlar hüquqşünas, diplomat, tibb işçisi və s. peşələrdir. Bir çox gəncimiz bacarığının üzərində də olsa, hüquq fakültəsini bitirənlərin bir çoxu işsiz qalsa da, başqa sahələrdə çalışsalar da hüquqşünas olmaq üçün müxtəlif yollarla da olsa, bu təhsili almağa çalışırlar. Bundan əlavə nisbətən aktiv gənclərimiz gələcək karyeralarını nazir, nazir müavini, millət vəkili, komitə rəhbəri kimi qurmaq istəyirlər. Bəziləri isə gələcəkdə mütləq Prezident olmağı da düşünür. Harvardda tələbə yoldaşlarımla həftə sonlarından birində istirahət üçün bir oyun oynayırdıq. Oyun qaydalarına görə hər bir şəxs təhsili bitirdikdən sonra işləmək istədiyi 4 sahəni və peşəni deməli idi. Bir çoxlarının imkanı olsa da, standart peşələrdən çoxunun adını eşitmədim. Sadalanan peşələr belə idi: Həbsxanalarda məhkumlarla normal davranılması üçün siyasi məsləhətçi, korporativ qurumların ətraf mühitə daha az ziyan vurması üçün analitik, müəyyən ölkələrdə söz azadlığının qorunması üçün çalışan bir QHT-də könüllü, yoxsulluğun yayıldığı ölkələrdə yoxsulluqla mübarizə üçün çalışan aktivist və s.. Hər bir şəxs öz cəmiyyətində gördüyü problemlə bağlı sahədə, yəni ehtiyac olan sahədə öz karyerasını qurmaq barədə düşünürdü. Ümid edirəm ki, gələcəkdə bizim də gənclərimiz öz peşələrini və vəzifələrini seçərkən ən populyar, ən gəlirli, ən rahat vəzifələri yox, ən çox ehtiyac olan sahələri seçəcəklər.

3. İnsan daxildən öz Vətəni üçün çalışdığını düşünürsə və buna inanırsa, harada olmasından asılı olmayaraq özünü qürbətdə hiss etmir. Təbii ki, bəzən yaxınlar, doğmalar üçün insan darıxır. Amma ümumi məqsəd böyük olduqda, kiçik problemlər bəxtiyarlığa təsir etmir.

4. 2002-ci ildə çalışdığım AzerNet şirkəti internetdə unicode şriftlərin yayılması, Azərbaycan şriftləri ilə internet resurslarının qurulması üçün aktiv fəaliyyət göstərirdi. Mən də şirkətin bir nümayəndəsi olaraq bu prosesdə iştirak etmişəm və o vaxtdan Azərbaycan şriftləri ilə yazmağa üstünlük vermişəm. Hazırda heç bir problem olmadan, klaviaturaya baxmadan Azərbaycan şriftləri ilə kifayət qədər sürətli yaza bilirəm.

Omer soruşur:

Mashallah, genclerimizin aktivliyini gorende ureyim daga dondu. men nisbeten orta yashli neslin numayendesi sayiliram, 38 yashim var. Bextiyar oglumuzu da kenardan taniyiram, yani shexsi tanishligimiz olmasa da, qiyabi olaraq men onu taniyiram. Bu gune qeder gorduyu ishlerden de az-chox xeberim var.

Bu sorgunu gordum choxdan sorushmaq istediyim bir neche mesele var idi, ele yaxshi furset oldu.

Bextiyar bala, senin bu fealiyyetine valideynlerin ne deyir? Yani hem seferlerin, ki onlarin choxunu oz hesabina edirdin, hem bu qeder tezyiqlere meruz qalmagin, hem polis terefinden nezarete alinmagin ve s. Umumiyyetle fealiyyetine valideynlerinin munasibeti nece olub? etiraz etmeyibler ki?

Bezen fikirler seslenir ki, yashli nesil gence nesle imkan vermir. Bununla men de raziyam bezi hallarda hedden artiq yashli neslin numayendeleri ozlerini evezolunaz hesab edir. Amma mene maraqli olan odur ki, sen bir genc olaraq indiki halda hansi yashli memurlarin oz erizelerini yazmalarini isteyerdin?

Bir de bir maraqli sual sorushum ele bu blog sahibi ile bagli. Hiss elediyime choxdan tanishsiz ve aranizda isti munasibet var. Onun mehkeme prosesi, onun haqqinda yazilanlar, sonda mehkemeden qalib ayrilmasi... sen ne dushunursen bu barede?

 

Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Ömər bəy,

1. Valideynlərimlə ilk dəfə bu məsələ ilə bağlı müzakirə olanda onlar mənə hər bir valideyn kimi öz narahatlıqlarını bildirdilər. Lakin, mən məsələni çox sadə qoydum. Bildirdim ki, onların zamanında müəyyən islahatlar olmadığına görə, cəmiyyətdə lazımi dəyişikliklər aparılmadığına görə, bu gün daha yaxşı, daha ədalətli cəmiyyətdə yaşamaq, daha yaxşı təhsil almaq, daha yaxşı xidmətlərdən daha asan istifadə etmək imkanımız olduğu halda bunlardan məhrumuq. Təhsil aldığımız ali məktəblərdə professorlarımız tələbələrdən rüşvət istəyir, həkimə müraciət etdikdə müəyyən məbləğ ödənmədikdə həkimlərin bəziləri xəstəyə xidmət etməkdən imtina edir, müayinə edən həkimlərin bir çoxu öz sahəsini yaxşı bilmədiyinə, rüşvətlə təhsil aldığına görə səhv müayinənin nəticələri bəzən ağır olur, cəmiyyətin bir hissəsi müxtəlif yollarla sürətlə zənginləşir, digər hissəsi isə sürətlə yoxsulluğa doğru gedir. Kimsə öz azad fikrini bildirdiyinə görə həbs edilir, dövlət tərəfindən hamıya təqdim olunan imkanlardan məhrum edilir. Bu problemlərin siyahısını uzatmaq da olar. Mən sadəcə valideynlərimə izah etdim ki, onların yaşında olan nəslin bizim nəslə ötürdüyü bu problemləri gələcək nəsillərə miras qoymaq fikrim yoxdur. Mən şəxsən öz övladlarımın belə cəmiyyətdə yaşamasını, böyüməsini istəməzdim. Sevinirəm ki, mənim kimi düşünən bir çox gəncimiz var və onlar da bu yöndə fəaliyyət göstərirlər.

2. Sualınızın ikinci hissəsi ilə bağlı uzun siyahı hazırlamaq olar. Mən yaşlı nəslin nümayəndələri olan məmurların təcrübə, bilik və dünya görüşünə şübhə etmirəm. Lakin onlar başa düşməlidirlər ki, heç kim həyatda və vəzifədə əbədi qalmır. Məhz buna görə yaşlı məmurlar öz təcrübələrini, biliklərini gənc nəslin nümayəndələrinə ötürməli, onlara yeni imkanlar yaratmalı, müəyyən vəzifələr verərək onların inkişafına çalışmalıdırlar. Bu da heç kimə sirr deyil ki, bir çox halda yaşlı nəslin nümayəndələri olan məmurlar öz bilik və bacarıqlarını, təcrübələrini xalqın və cəmiyyətin inkişafı üçün yox, öz şəxsi maraqları, ailə üzvlərinin mənfəəti üçün istifadə edirlər. Belə təcrübəli şəxslərdənsə, nisbətən təcrübəsiz, lakin ədalətli fəaliyyət göstərmək istəyən gənclərə yol açılması daha yaxşı olardı. Ən ideal variant isə, yaşlı nəslin təcrübəsi və biliyindən istifadə edərək gənclərin dəyişiklik, ədalətli və inkişaf edən cəmiyyət qurmaq istəyinin reallaşdırılmasıdır.

3. Bloq sahibi Mayıs Musayevi şəxsən tanıyıram. Məhkəmə prosesindən də xəbərdaram, lakin mənim bildiyimə görə məhkəmədə iştirak edən tərəflərdən biri qalib olaraq yox, hər iki tərəf barışıq əldə edərək ayrılıblar. Ümumiyyətlə, istənilən məlumatın yoxlanmadan, dəqiqləşdirilməmiş yayılması arzu olunan deyil. Hər iki tərəf yoxlanılmamış məlumat yaymışdı və buna görə də asanlıqla barışıq əldə etdilər.

Samir soruşur:

Salam Bextiyar. Corcilin bele bir sozu var deyir"En boyuk saxtakarliq ozunun yaratdiqin Statiskadir" 2007-cil il statiskasina gore Azerbaycanda son 4 ilde 640 min ish yeri acilib, onun 460 mini daimi ish yerleridir. Musteqil ekspertler ise bele hesab edirler ki, bu cox boyuk shishirdilmish reqemdir. Azerbaycan da hec bunun yarisi qeder de ish yeri acilmayib.Sualim bele olacaq Azerbaycan hakimiyyeti neftden asili bir iqtisadiyyati bu qeder saxtalashdirmaqda meqsedi nedir?

Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Samir bəy,

Statistikada rəqəmlərin şişirdilməsi ilə bağlı belə bir zarafat da var: “Yalanın üç növü var. Birincisi yalandır. İkincisi ağ yalandır. Üçüncüsü isə statistik göstəricilər” Yəni, bəzən statistik göstəricilər ağ yalandan da böyük yalan kimi qəbul edilir.

Hərhansı statistik məlumatı analiz edib, onunla bağlı rəy vermək üçün o məlumatın hansı metodologiya ilə əldə edilməsini, hansı faktorların hesaba qatıldığını, hansıların nəzərdən qaçırıldığını bilmək lazımdır. Mən hökümətin təqdim etdiyi bu göstərici ilə ekspert rəyi verə bilməyəcəm. Lakin statistika Komitəsinin azstat.org internet səhifəsində yeni yaradılmış iş yerləri ilə bağlı məlumata baxsanız görərsiniz ki, orada hesablanan iş yerlərinin böyük əksəriyyəti fiziki şəxs qismində, müxtəlif tədbirlər, abadlıq işləri ilə bağlı göstərilən xidmətlər, mövcud olan idarə və müəssisələr daxilində yerdəyişmə və s kimi işlər hesablanıb. Yəni, tutaq ki, pərakəndə ticarətlə məşğul olan bir şəxs fiziki şəxs kimi müvafiq orqanlarda qeydiyyatdan keçirsə, bu yeni iş yeri kimi hesablanır. Yaxud Mədəniyyət Nazirliyi ilə Gənclər, İdman və Turizm Nazirlikləri ləğv edildikdən sonra yaranmış iki yeni Nazirlikdə çalışan şəxslər yeni iş yeri ilə təmin olunmuş kimi qeydiyyatdan keçirilirlər. Halbuki, həmin şəxslər işsiz şəxslər deyildi. Qeydiyyatdan keçən işsizlərin sayının illərə nisbətən dəyişməsi ilə bağlı məlumatda isə işsizlərin sayının artdığı, ən yaxşı halda isə dəyişməz qaldığı göstərilir. Ona görə yeni yaradılmış iş yerləri ilə bağlı göstəricilərin yox, əhalinin işsiz olan hissəsinin neçə faizinin işlə təmin olunmasına baxmaq lazımdır. Əks halda indi təqdim edilən statistik göstəricilər özündə işsiz olmayan, lakin iş yerini çalışdığı idarə və müəssisə tərkibində dəyişənləri də ehtiva edir və nəticədə göstəricilər şişirdilmiş olur.

osman soruşur:

Salam Bextiyar. bu gunlerde azadsoz.azeriblog.com blogunda kechirilen sorgudan xeberin var yeqin ki. Sorguda sen 3-cu yere chixmisan. Ne dushunursen? Umumiyyetle bu sorguya munasibetin necedir?

Bəxtiyar Hacıyev cavablandırır:

Hörmətli Osman bəy,

Azadsöz bloqunda keçirilən sorğudan xəbərdaram və bununla bağlı öz fikrimi bildirmişəm. Əvvəlcə sorğuda qalib gələn İRƏLİ hərəkatının nümayəndələri Ceyhun Osmanlı və Səbuhi Rzayevi təbrik edirəm. Lakin müəyyən səbəblərə görə sorğunun nəticəsinin həqiqətdən daha fərqli olduğunu düşünürəm. Həqiqətə daha yaxın nəticələrin əldə edilə biləcəyi sorğuda istər qalib şəxslər, istərsə də digər şəxslər indiki nəticədən daha çox vəya daha az səs toplaya bilərdi. Bununla bağlı bir neçə məqamı qeyd etmək istərdim.

Ümumiyyətlə, rəy sorğusunun nəticəsinin həqiqətə daha yaxın olmasını təmin etmək üçün bir çox şərtlər var. Birincisi, texniki baxımdan hərhansı bir sorğuda qüsur olmaması üçün təkrar səs verməyin qarşısı alınmalıdır. Bunun üçün internet vasitəsi ilə sorğu keçirən professional şirkətlər müxtəlif metodlardan istifadə edirlər. Məsələn, hər bir fərdin özünə məxsus və unikal olan bir məlumatdan istifadə etməklə(şəxsiyyət vəsiqəsinin nömrəsi, sosial sığorta nömrəsi və s ..)

İkincisi, sorğuda iştirak edənlərin təsadüfi seçilməsi və müxtəlifliyi təmin olunmalıdır. Yəni burada yaş qrupuna görə, siyasi baxışlarına görə, cinsinə görə, milliyətinə görə və s. sorğunun nəticəsi müxtəlif ola bilər. Sorğuda iştirak könüllü olduğu halda, bu təsadüfilik və müxtəliflik qorunmur. Məsələn, “Televiziya kanallarında serialların qadağan edilməsi düzgündürmü?” sualı ilə bir sorğu keçirilsə və serialları mütəmadi izləyən 900 ev xanımı bu sorğudan narahatçılıq keçirərək sorğuda aktiv iştirak etsə və qadağa qərarının əleyhinə səs versə, eyni zamanda həyat yoldaşlarının seriallara bağlılığından əziyyət çəkən 100 kişi qadağanın lehinə səs versə, nəticəni “Əhalinin 90 faizi serialların qadağan edilməsinə etiraz edir” kimi şərh etmək düzgün olmaz. İştirak könüllü olduğu üçün nəticədə maraqlı olan qadınlar kişilərə nisbətən daha çox aktivlik göstərirlər.

Eyni zamanda sualın qoyuluşu da kifayət qədər korrekt olmalıdır ki, nəticələr həqiqətə daha yaxın olsun. Məsələn, “Azərbaycanda iqtisadi fəal əhali arasında kişilərə daha çox əmək haqqı verilməsi ilə razısınızmı?” sualı ilə keçirilmiş sorğunun nəticəsində 90 faiz müsbət cavab alırsınızsa, bu nəticəni “Əhalinin 90 faizi kişilərə qadınlardan daha çox maaş verilməsinin tərəfdarıdır” yaxud “Əhalinin 90 faizi kişilərə daha çox əmək haqqı verildiyini düşünür” kimi şərh etmək olmaz. Çünki, korrekt olmayan sualda ümumiyyətlə kişilərə daha çox maaş verilməklə bağlı soruşulur və sorğu iştirakçılarının bir qismi həm qadınların, həm də kişilərin daha çox maaş almasının tərəfdarı ola bilərdi.Yaxud sorğu iştirakçılarının bir hissəsi hazırda kişilərə daha çox maaş verildiyi fikrinin düzgün olması ilə bağlı sualın soruşulduğunu başa düşə bilərdi. Bu sualın bir az daha korrekt forması belə ola bilərdi : “Sizcə Azərbaycanda iqtisadi fəal əhali arasında kişilərə eyni sahədə və eyni səviyyədə işlərdə çalışan qadınlarla nisbətdə daha çox əmək haqqı verilirmi?” Bu suala müsbət cavab verənlərə növbəti sual olaraq “Bu fərqin olması sizi qane edirmi?” sualı soruşula bilər və məhz bu hissəyə müsbət cavab verənlərin faizi kişilərə eyni səviyyədə və eyni sahədə çalışan qadınlardan daha çox maaş verilməsi ilə razılaşanların həqiqi faizinə yaxın olar.

Sorğunun harada keçirilməsi də müxtəlifliyin təmin olunmamasına təsir edir. Məsələn, sorğu televiziya vasitəsi ilə həyata keçirilirsə evində televizor olmayan, yaxud televiziyaya baxmayan kütlə, qəzetdə keçirilirsə o qəzeti oxumayan kütlə, internetdə keçirilirsə internet istifadəçisi olmayan kütlənin sorğu nəticəsinə təsiri nəzərdən qaçır.

Bu vəya digər texniki, yaxud statistik metodologiya ilə bağlı səbəblərə görə Azad Söz bloqunun keçirdiyi sorğunun nəticəsini ciddi mənbə qəbul etmək olmaz. Sorğuların nəticələrinə istinad etmək üçün onların necə keçirildiyini, hansı faktorların nəzərə alındığını yaxşı bilmək lazımdır. Məhz buna görə hazırda təhsil aldığım Harvard Universitetinin İctimai Siyasət üzrə magistratura proqramında hər semestr 3 məcburi dəsrdən biri statistika və statistik analizlə bağlı dərs olur. Çünki yanlış statistik metodologiya ilə aparılmış sorğuların nəticələri, nəticələrin səhv interpretasiyası, müəyyən faktorların nəzərə alınmaması səhv qərar verməyə gətirib çıxara bilər. Adətən siyasətçilər, şirkətlər, qərar vericilər daha düzgün qərar vermək üçün həqiqətə daha yaxın nəticəni əldə etməkdə maraqlı olurlar və kifayət qədər böyük məbləğ ödəyərək məhz bu sahədə ixtisaslaşmış şirkətlərin xidmətlərindən istifadə edirlər. Qərarvericilər üçün həqiqətə yaxın olmayan sorğunun nəticəsi sadəcə təbliğat üçün istifadə etməkdə yararlı ola bilər. Bir çox şirkət, siyasi qüvvələr belə sorğuların nəticəsinin həqiqətə uyğun olmadığını bilsə də, onun nəticələri ilə bağlı təbliğat aparırlar.  Şəxsən mən həqiqətə daha yaxın nəticəni əldə edəcək faktorların nəzərə alındığı sorğunun nəticəsini, texniki və metodoloji baxımdan kifayət qədər qüsurlu olan sorğuda məni qane vəya məmnun edən nəticəni görməkdən üstün tuturam.

------

Sual soruşan hər bir şəxsə minnətdarlığımı bildirirəm. Sualların son hissəsinə imtahanlarımın və dərslərimin çoxluğu ilə əlaqədar olaraq bir az gecikmiş cavab verdiyimə görə sual sahiblərindən üzr istəyirəm. Ümid edirəm ki, bu bloqun gənclər arasında ünsiyyət yaratmaq məqsədi ilə başlatdığı “Bizim qonaq” təşəbbüsü uğurla və heç bir senzura olmadan davam edəcək.  Hər bir gəncə öz sahəsində, həyatının hər bir məqamında nailiyyətlər, xoşbəxtlik və sevinc arzulayıram.  

 

Dərin hörmətlə,

Bəxtiyar Hacıyev

 

                                       BƏXTİYAR HACIYEVİN CAVABLARI (1-ci hissə)

                                       BƏXTİYAR HACIYEVİN CAVABLARI (2-ci hissə)

BƏXTİYAR HACIYEVİN CAVABLARI (3-cü hissə)

BƏXTİYAR HACIYEVİN CAVABLARI (4-cü hissə)

BƏXTİYAR HACIYEV KİMDİR???



Şərh yazma qapalıdır.

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  youth  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  osmanlı  soyqırım  xocalı  prezident  abş  bakı  azerbaijan  əliyev  ilham  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerphoto  movement  evi  novruz  maraqlı  hərbi  switzerland  allah  blog  terror  avrovijn  türkiyə 

Müxtəlif