Vaşinqtondakı ağ damlı ev və bizim Ağdam

Bir həftə boyunca doyunca kəndimizdə istirahət etdim. Necə deyərlər, kənddə gül-gülü çağırır, çiçək-çiçəyi. Səhər tezdən yuxudan durub yamyaşıl torpağın, çiçəkləmiş ağacların təmiz qoxusunu ciyərdolusu içinə çəkmək nəyə desəniz dəyər məncə. Bülbüllər də sanki bundan ləzzət alırmış kimi səs-səsə verib zümzümə edirlər. Belə anlarda insan kasıbçılığı da, bahalaşmanı da, bir sözlə, bütün problemlərini unudur. Təbiətin bu gözəlliyi məni o qədər həvəsləndirdi ki, şer yazmaq həvəsi yarandı içimdə. Tənbəllik etməyib mövzumuza heç bir dəxli olmayan şer yazdım:
Elə zənn edirdim ki,
Saralarsan solarsan.
Mən ölmüş nə biləydim
Mənsiz xoşbəxt olarsan.
İnanmaram bir daha
Yanasan bu halıma.
Heç olmasa hərdənbir
Qonaq gəl xəyalıma.
Uşaqlığımı sahilində keçirdiyim, qızmar yayın istisindən qurtulmaq üçün illər uzunu özümü qoynuna atdığım Kürü də yad etdim, ziyarətinə getdim. Təbiətin bu gözəlliyi Kürü də ruhlandırmışdı sanki. Günəş şüaları üzərində bərq vurduqca öz gözəlliyindən zövq alırmış kimi daha iti axırdı mənim uşaqlıq dostum.
İllər ötür keçir, ancaq mənim uşaqlıq dostum elə olduğu kimi qalır. Bəlkə məni ona bu dərəcədə bağlayan da elə budur. Dəyişən mənəm, il üstünə il gəldikcə...
Yaxşı ki, uşaqlıq dostum bunu mənə hiss etdirmir, yoxsa göz yaşlarımı saxlaya bilmərəm...
Kənddə olarkən 2 uzaq qohumumun toyunda iştirak etdim. Heyif deyil “palatka” toyu...
Toyun ən qızğın yerində, gözləmədiyim anda toyun tamadası (adı, deyəsən, Teyyub idi) haqqımda bir tərif dedi ki, gəl görəsən. Hardan eşitdiyini, öyrəndiyini bilmirəm, amma Teyyub bəy hətta Azercellin jurnalistlər arasında keçirdiyi müsabiqədə üçüncü yeri tutmağımı da tərifinə əlavə etdi.
Mən də tənbəllik etməyib bunun qarşılığında “Azərbaycan təranələrinə” o ki var oynadım.
***
Bakıya çatan gün ANS-də ermənilərin Ağdamda hərbi təlim keçirmələri ilə bağlı növbəti qanqaraldıcı xəbəri izlədim. Bir saat davam edən təlim zamanı müxtəlif növ silahlar sınaqdan çıxarılıb. Yadıma Vaşinqtondakı ağ damlı ev (Ağ ev) düşür. Görəsən, bu evdə oturub dünyaya demokratiya dərsi keçən, insan haqlarından dəm vuranlar burada baş verənləri görmürlərmi?
Kəndimizdə Mikayıl adında bir kişi var. Həmişə sözün düzün danışır deyə ona dəli Mikayıl deyirlər. Dəli Mikayıl həm də maraqlı proqnozlar verir və əksəriyyəti də düz çıxır.
İndi kənd camaatını düşünməyə vadar edən bir məqam var, dəli Mikayıl deyir 2015-ci ildə Azərbaycan Qarabağı işğaldan azad etmək üçün müharibəyə başlayacaq. Amma zalım oğlu tərsliyinə salıb bu savaşda kimin qalib gələcəyini açıqlamır.
Nicat İntiqam
Mənbə: http://www.zaman.az/site/?name=yazar&news_id=9861&yid=18
Foto: http://fotokritik.azeriblog.com/public/blogs/fotokritik/2007/09/16/44.jpg



