Reklam verin!

Zərərin yarısı

Natiq PənahlıÖtən həftə Qazaxıstanda paytaxt Astananın 10 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Bu möhtəşəm və müasir şəhərin ad-sanına layiq tədbir keçirildi. Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları yubiley mərasimində iştirak etdilər.

Məlumdur ki, zəngin enerji qaynaqlarına malik olan Qazaxıstan son illərdə neft və qazdan külli miqdarda vəsait əldə edib və etməkdədir. Belə vəziyyətlərdə adətən “gəlir hara gedir?” sualı gündəmə gəlir. Müasir Astana bu suala verilən cavablardan biri və ən tutarlısıdır. Köhnə paytaxt Alma-atıdan fərqli olaraq Astanada bu gün çox müasir göydələnlər ucalır, geniş yollar, təmiz küçələr salınır. Bir sözlə, Astana Orta Asiyada salınan müəsir Avropa şəhərini xatırladır.

Azərbaycanda da paytaxtın köçürülməsi məsələsi dəfələrlə gündəmə gəlib, bu barədə müzakirələr aparılıb. Hər kəs bu köçürmənin zəruriliyindən danışsa da, hələ ki, bu istiqamətdə əməli addım atılmayıb.

Bir daha vurğulayıram: Azərbaycanda paytaxtın Bakıdan köçürülməsi zərurətdir! Ən qısa zamanda bu işə başlanılmalıdır!

Bakı artıq boğulur, ölkə əhalisinin yarısı paytaxtda yaşayır və bu axın indi də davam edir. Maddi imkanı bir az yaxşılaşan şəxs rayonda yaşamaq istəmir, Bakıya üz tutur. Şəhərdə addım atmaq, rahat nəfəs almaq çətinləşib. Şəhər adamın üzərinə yeriyir. Halbuki şəhər insanın içini açmalıdır, rahatlıq verməlidir. Bakıda isə bunu görmək mümkün deyil. Paytaxt üçün yazılan mahnılar, şeirlər artıq sətirlərdə qalıb. Günahkar, təbii ki, Bakı deyil.

Bakının başqa bir dərdi də var: plansız tikililər. Tikinti şirkətlərinin strategiyası aydındır: harda boş yer varsa, ağına-bozuna baxmadan, orada göydələn ucaldırlar. Binalar o qədər yaxın tikilir ki, ailə gizliliyi, məhrəmliyi deyə bir anlayış ortadan qalxır.

İçərişəhər isə artıq çoxdan “ölüb”. Bu açıq hava muzeyini bir tərəfdən xarici şirkətlərin və diplomatik nümayəndəliklərin ofisləri işğal edir, digər tərəfdən yerli şirkətlərin “restavrasiya”sına məruz qalır.

Paytaxtın yeri ölkənin mərkəzidir. Dövlətin ürəyi elə bir yerdə döyünməlidir ki, oradan vurulan qan ölkənin hər yerinə bərabər təzyiqlə çatsın. Paytaxtın ölkənin mərkəzində yerləşməsinin digər bir üstünlüyü ölkənin bütün regionlarının bərabər inkişafına imkan verməsidir. Belə olarsa, ölkənin bütün rayonlarında canlanma müşahidə olunacaq və Bakıya insan axını xeyli dərəcədə səngiyəcək. Dövlət qurumlarının əksəriyyəti, xarici diplomatik nümayəndəliklər, səfirliklər, əcnəbi şirkətlərin ofisləri yeni paytaxta daşınacaq. Digər tərəfdən isə paytaxt mərkəzdə yerləşdikdə onun xarici hücumlardan qorunması da nisbətən yaxşı təmin olunur. Hazırda “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” həyata keçirilir. Paytaxt ölkənin mərkəzinə köçürülsə, regionların hərtərəfli inkişafı baxımından daha böyük nailiyyətlər əldə etmək olar.

Bu və ya buna bənzər üstünlükləri daha çox sıralamaq mümkündür. Hər halda bunu çox adam başa düşür. Sadəcə qərar vermək çətinliyi var.

Paytaxt statusu Bakının əlindən alınarsa belə, onun ölkə üçün əhəmiyyətindən zərrə qədər əksilmə olmayacaq. Bakı Azərbaycanın iqtisadi paytaxtı olaraq, önəmini qorumaqda davam edəcək.

Qazaxıstanın Astana nümunəsi bizim nə qədər gecikdiyimizi ortaya qoyur. Ancaq gecikmək bu işi bir daha görməmək demək deyil. Zərərin yarısından qayıtmaq da xeyirdir. Bakını pərakəndə tikilən binalarla kirləndirdik, artıq onları sökmək imkansız görünür. Heç olmazsa, səhv yolda irəliləməkdə israr etməyək.

Paytaxtı ölkənin mərkəzinə köçürək. Çox möhtəşəm və müasir şəhərsalma planı əsasında yeni bir paytaxt tikək: Astanadan geri qalmayan bir paytaxt. Orada ən müasir göydələnləri ucaldaq, geniş prospekt və küçələr salaq. Müasir Azərbaycanın simvolunu yeni paytaxtla bütün dünyaya göstərək. Bu, mümkündür. Ölkəmizin artan neft gəlirləri bu işin öhdəsindən gəlməyə tam imkan verir. Axı biz də “gəlir hara gedir?” sualına tutarlı cavab verməliyik?

Natiq Pənahlı

Mənbə: http://www.zaman.az/site/?name=yazar&news_id=12361&yid=17



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  şəhidlər  soyqırım  xocalı  prezident  abş  azeriblog  bakı  osmanlı  allah  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azercell  azerbaijan  mənəviyyat  əliyev  terror  walpaper  iman  avrovijn  ən  bayraq 

Müxtəlif