Blogginglə bağlı yazı

Bir neçə gün bundan qabaq Azeriblog sistemində adını çox eşitdiyim, özü ilə hələ şəxsən tanış olmaq şərəfinə nail olmadığım Ramin Həsənəlizadə blogunda Blogu necə tanıtmalı başlıqlı bir yazı yazıb. Bu yazı həqiqətən, bloggerlər üçün faydalı məsləhətlərlə dolu olan bir yazıdır. Buna görə, Raminə öz adımdan təşəkkür edirəm. Həmin yazını oxuyan istənilən blogger öz blogunun PR-ını kifayət qədər ustalıqla və çox daha rahat bir şəkildə apara bilər.
Bu cür yazılar nə qədər çox olsa bir o qədər yaxşıdır. Çünki bu gün hələ də bir çox blog yazanlar əslində blogun mahiyyətinin nə olduğunu tam dərk edə bilmirlər. Ona görə yox ki, istəmirlər. Sadəcə ona görə ki, bu barədə informasiya qıtlığı var. Bu qıtlığın aradan qaldırılması, bloggerlərin blog haqqında hər şey haqqında məlumatlarının olması üçün bütün blogçular bir-birilərinə yardımçı olmalıdır. Bu barədə Azeriblog admini Fərhad da öz blogunda dəfələrlə yazıb. Raminin istəyini nəzərə alaraq bir yazı da mən yazmaq qərarına gəldim.
Bir çox Azərbaycan blogçuları var ki, sadəcə öz düşüncələrini yazır və bu düşüncələri digər insanlara çatdırmaq, başqalarının onun düşüncələrindən xəbərdar olmasını istəmirlər. Əslində bu təbiidir. Ancaq hər bir insan zaman keçdikcə düşüncələrini təkmilləşdirir, yeni-yeni ideyalar tapır, yeni mövzular seçir və yeni düşüncə tərzi ortaya qoyur. Təbii ki, bütün bunlar barədə digər insanlara da məlumat vermək lazımdır. Çünki insanlar nə qədər çox yeniliklərdən xəbərdar olsalar, nə qədər çox fərqli düşüncə tərzləri ilə tanış olsalar, öz dünyagörüşlərini bir o qədər artırmış, əhatə dairələrini bir o qədər genişləndirmiş olarlar. Ona görə də hər bir blogçu vaxt tapdıqca, digrə dostların, tanışların bloglarına göz gəzdirməli, orda olan yeniliklərdən xəbər tutmalı və həmin yazılara şərh yazmaqla öz münasibətini bildirməlidir. Bütün bunlar isə, təbii ki, qarşılıqlı olmalıdır. Çünki bu, həm də bloga daxil olan ziyarətçilərin sayının artmasına, son nəticədə isə, blogun reytinqinin yüksəlməsinə, blogun pagerankının artmasına gətirib çıxarır.
Bundan başqa, bloga ziyarətçiləri şəxsən dəvət etmək də geniş yayılmış üsullardan biridir. Blogda maraqlı yazılar yazan zaman onun haqqında dostların elektron-poçt ünvanlarına xəbərdarlıq məktubu göndərərək onları blogda baş verən yeniliklərlə tanış etmək mümkündür.
Bir müddət əvvəl məşhur bloggerlərdən olan Rauf Rayin təşəbbüsü ilə Azərbaycan bloggerlərinin yahoogroups-u azeribloggers@yahoogroups.com yaradıldı. Bu qrup Azərbaycan blogçuları və blogging-ə marağı olan şəxslər üçün nəzərdə tutulub. Əsas məqsəd bloggerlər arasında məlumat mübadiləsini təşkil etmək, blogging-lə bağlı bildiklərimizi digərləri ilə paylaşmaq, bilmədiklərimizi öyrənməkdir. Bütün blogçulardan Azərbaycan bloggerlərinin grupuna üzv olub, şəbəkəni genişləndirməyi xahiş edirəm. Bu Şəbəkə vasitəsilə Siz eyni zamanda öz blogunuz haqqında tanımadığınız şəxslərə də məlumat göndərə bilmək imkanı əldə edə bilərsiniz.
Yahoogroups-a qoşulmaq qaydaları haqqında yəqin ki, məlumatınız var. Bilməyənlər üçün deyim ki, aşağıdakı linkə daxil olmaqla Azərbaycan Bloggerlənin Şəbəkəsinə üzv ola və öz potensialınızı nümayiş etdirə bilərsiniz.
Bu cür maarifləndirici yazılar güman edirəm ki, blogçuları daha məsuliyyətli və bloglarına bir az daha ciddi yanaşmasına gətirib çıxaracaq.
Salam, Mayis! Çox sağ ol ki, təcrübələrini bizimlə bölüşdün! Maraqlı və faydalı yazıdır. O qrupa mütləq üzv olacağam. Uğurlar!
İyul 25, 2008 19:37




Salam.
Men coxdandi bu grupu axtarirdim, adini esitmisdim,ama unvanini bilmirdim. COx sag ol
İyul 25, 2008 14:02