Azərbaycan Respublikasının Prezidenti yanında İnsan Kapitalı Fondunun yaranmasına ehtiyac var
Bu gün dünyanın ən çox inkişaf etmiş ölkələrinin sirrini təhlil edərkən gəlinən əsas nəticə bundan ibarətdir ki, bu ölkələr güclü insan kapitalının formalaşdırılması hesabına bu zirvələri fəth ediblər.Dünyanın ən önəmli iqtisadçılarından hesab olunan Rikardo Hausman hesab edir ki, “Əgər hər bir ölkə bu gun keyfiyyətli insan – keyfiyyətli texnologiya – keyfiyyətli istehsal formuluna düzgün riayət etsə, o zaman həmin ölkə əsl inkişaf zirvəsini fəth edə bilər”.
Bu gün dünyada Alman, Yapon iqtisadi möcüzələri, Skandinaviya ölkələrinin sosial rifah səviyyələri yaxşı mənada müzakirə predmetidir. Lakin bütün bu inkişafın əsasında məhz insan faktorunun dayandığı nəzərə alınmalıdır. Bu gün müasir dünyada cəmiyyətlərin və dövlətlərin inkişafı, həmin ölkələrdəki insanların inkişaf səviyyəsi ilə qanuna uyğunluq təşkil edir. Bütün dünyada taxta emalı ilə məşhur olan Finlandiya bu gün NOKIA telefonlarının istehsalına görə tanınır. Müasir dövrdə taxta emal edən fin ilə, NOKIA istehsal edən fin arasında böyük bir zaman fərqi yoxdur. Hətta indi də bu ölkə taxta emal etməkdə davam edir. Ona görə də Finlandiyanın misalında gəlinən qənaət budur ki, əgər taxtadan əldə olunan gəlir vaxtında insan kapitalının formalaşdırılmasına investisiya olunarsa, qısa zamanda bu investisiya nəticəsində meydana çıxan keyfiyyətli insan müasir elmi-texniki tərəqqinin əsasını təşkil edə bilir.
Bu gün Çinin dünya eksportunda xüsusi ağırlığı olsa da, Çindən ixrac olunan malların xammalının 90%-i Çində yoxdur. Vəya başqa bir misalı qeyd etmək lazımdır ki, bu gün Almaniya nə ərazi, nə də əhali cəhətdən dünyanın ən böyük ölkələrindən olmasa da, eksportun həcminə görə dünyada liderlik edir. Beləliklə, dünya təcrübəsi onu göstərir ki, bu gün inkişaf etmiş ölkələr təbii sərvətləri zəngin olanlar vəya ərazisi ilə əhalisi çox olanlar deyil, insanları keyfiyyətli olanlardır.
Bu gün Azərbaycanda da yuxarıda qeyd edilən tendensiyalar aydın dərk olunur. Ona görə də bu suala cəmiyyətdə cavab axtarılır: Keyfiyyətli insan necə olmalıdır? Sirr deyil ki, keyfiyyətli təhsillə. Bu gün Azərbaycan təhsil sistemində ardıcıl islahatlar getsə də, bir fakt aydındır ki, hələ ki, təhsil sistemimiz inkişaf etmiş qərb təhsil standardlarına uyğun deyil. Lakin istər Azərbaycan iqtisadiyyatının bu günkü sıçrayış tempi, istərsə də dünyada gedən amansız iqtisadi rəqabət Azərbaycanda keyfiyyətli insan nəslinin formalaşdırılmasını tələb edir. Qarşıda dayanan sual budur ki, qısa zamanda bu insan kapitalını necə formalaşdırmalı?
Bu suala ilk cavab Azərbaycan Respublikasının Prezidenti Cənab İham Əliyevdən gəldi. 2007-2015-ci illər ərzində 5 min Azərbaycan gəncinin Dövlət Neft Fondu hesabına xaricdə nüfuzlu ali təhsil ocaqlarında oxumağa göndərilməsi ilə bağlı Prezidentin 2007-ci il 16 aprel tarixli sərəncamı Azərbaycanda güclü insan kapitalının formalaşdırılmasının ən böyük müjdəçisi oldu. Hal-hazırda bu proqramın həyata keçirilməsində aşağıdakı məqamlar diqqəti cəlb edir:
- Azərbaycan üçün bu proqramın müstəsna əhəmiyyətini nəzərə alaraq bunun daha da dinamik icra olunmasına və vahid mərkəzdən koordinasiya olunması zərurəti
- Gənclərin xaricdə təhsil aldığı müddətdə onlarla mütəmadi olaraq maraqlanmaq və təhsil durumlarının monitorinqlərinin təşkil edilməsi
- Gənclərin xaricdə təhsil aldığı müddətdə onların Azərbaycan Respublikasının xaricdəki səfirlikləri ilə əlaqələndirilməsi və onların Azərbaycanın diaspora siyasətinə cəlb olunması
- Gənclərin xaricdə təhsil aldıqları müddətdə ixtisasları üzrə staj keçmək imkanlarının araşdırılması
- Gənclərin təhsilini başa vurduqdan sonra onların Azərbaycan Respublikasında işlə təmin olunması
Başqa bir danılmaz fakt da ondan ibarətdir ki, bu gün Azərbaycanda dövlət qulluğu işçilərinin maaşları, eyni zamanda dövlət qulluğunda çalışanların sosial xidmət paketləri bir sıra xarici şirkətlər tərəfindən təklif edilən maaşlarla və sosial paketlərlə rəqabət qabiliyyətli deyildir. Məhz bunun nəticəsində Azərbaycanın müstəqillik illərində formalaşmış keyfiyyətli insanlar bu gün çalışmaq üçün xarici şirkətlərə daha çox üstünlük verirlər. Şübhəsiz ki, bu məsələ də Azərbaycanda insan kapitalı siyasətinin müzakirə predmeti olmalıdır.
Daha bir məqam isə odur ki, bu gün dünyanın müxtəlif ölkələrində ayrı-ayrı peşə sahələrində özünü təsdiq etmiş Azərbaycanlılar da vardır ki, Azərbaycan dövlətinin və özəl sektorunun belə insanların bilik və təcrübələrindən bəhrələnməyə ehtiyacı vardır. Ona görə də belə insanların, xüsusi ilə gənclərin məlumat bazası hazırlanmalı və onlar Azərbaycandakı qurumlarla əlaqələndirilməlidir. Əslində peşəkar insanların Azərbaycana gəlməsi, bu insanlarla bərabər yüksək elm, mədəniyyət, texnologiyanın da Azərbaycana gəlməsi deməkdir.
Yuxarıda sadalanan faktlardan göründüyü kimi bu gün İnsan Kapitalı Siyasəti Azərbaycanın gələcək inkişafı baxımından ən önəmli məsələdir və bu siyasətin daima gündəmdə saxlanılacağı və tək mərkəzdən idarə olunacağı bir quruma ehtiyac vardır. Belə bir qurum kimi Azərbaycan Respublikasının Prezidenti yanında İnsan Kapitalı Fondunun yaradılması çox faydalı olardı.
Niyə məhz belə bir Fondun Prezident yanında yaradılması təklif olunur. İlk növbədə ona görə bu gün Cənab İlham Əliyevin Azərbaycan xalqı arasında çox yüksək etimad kapitalı mövcuddur və ona görə də xalq Prezidentin birbaşa nəzarətində olan sahələrin inkişafına və davamlılığına inanır. Eyni zamanda Prezidentin birbaşa nəzarətində bu məsələ ilə bağlı qarşıya çıxa biləcək əngəllərin dinamik şəkildə həlli imkanları mövcuddur.
Keçən 5 il ərzində Azərbaycanda 700 minə yaxın yeni iş yeri açılmışdır ki, bunların da əksəriyyəti daimi əsaslıdır. Yeni iş yerlərinin açılması böyük sosial problemləri həll etdiyi kimi, bəzi reallıqları da ortaya çıxarmışdır. Bu reallıqlardan biri ondan ibarətdir ki, bu gün Azərbaycanda peşəkar menecerlər nəslinin yetişməsinə ciddi ehtiyac vardır. Bu ehtiyac özünü özəl sektorla yanaşı, dövlət sektorunda da biruzə verməkdədir. Dünya təcrübəsi sübut etdi ki, universitetə alimin, xəstəxanaya isə həkimin rəhbərlik etməyindənsə, bu müəssisələrə peşəkar menecerlərin rəhbərlik etməsi daha yaxşı nəticələrə gətirib çıxarır. Azərbaycanda da bu məsələ dərk edilməyə başlanmışdır və ona görə də novbəti illərdə bu sahədə menecerlərə dərin ehtiyac duyulacaqdır.
Proqnozlara görə növbəti 5 ildə Azərbaycan neft,qaz emalı və ixracı ilə yanaşı yeni 5 istiqamətdə önə çıxacaq və bu sahələrə yatırım ediləcəkdir. Bunlara Azərbaycanda yeni Neft-Kimya mərkəzinin yaradılması, Azərbaycanın Valyuta Mərkəzinə çevrilməsi, Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı, Azərbaycanın Turizm potensialının inkişaf etdirilməsi və Azərbaycanda ərzaq təhlükəsizliyinin əldə olunması, dolayısıyla kənd təsərrüfatının inkişaf etdirilməsi daxildir. Təbii ki, bunlarla yanaşı onlarla digər sahənin də inkişafı Azərbaycan hökumətinin prioritetləri arasındadır. Azərbaycanda bu gün gəlinən nöqtə və gedilən hədəflər onu göstərir ki, yuxarıda adı qeyd olunan sahələri idarə etmək üçün təxminən 50 000 Azərbaycanlı peşəkar menecerə ehtiyac vardır. Qarşıda duran reallıq ondan ibarətdir ki, Azərbaycanın daxil olduğu keyfiyyətcə yeni mərhələni şərtləndirəcək keyfiyyətcə yeni idarəçilər – menecerlər sinfi qısa bir zamanda yetişdirilməlidir. Bəs bu insanlar harada və necə yetişdirilməlidir? Əlbəttə ki, ilk növbədə ölkədə davamlı İnsan Kapitalı Siyasətinin həyata keçirilməsi ilə.
Ardı var...Növbəti məqalədə Effektiv İnsan Kapitalı Siyasəti həyata keçirən ölkələrin təcrübəsi və Azərbaycanda bu siyasətin həyata keçirilməsinin potensial istiqamətlərindən bəhs ediləcəkdir.
Ceyhun Osmanlı,
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təsisçisi
Harvard Universitetinin “Liderlər İnkişafda” Proqramının məzunu
ADİU-nun aspirantı




