EURO - 2008: Oyunlar və nəticələr

Əziz blog ziyarətçiləri. Bildiyiniz kimi bu il bütün dünyada möhtəşəm futbol bayramı yaşanacaq. İsveçrə və Avstriyada futbol üzrə 2008-ci il Avropa çempionatı keçiriləck. Artıq 5 gündən sonra yəqin ki, bir çoxlarınız o həyəcanı yaşayacaqsınız. Azərbaycanda futbola marağın yüksək olduğunu, xüsusilə gənclər arasında, nəzərə alaraq blogumuzda bütün oyunlar barədə və çempionat barədə məlumatları yerləşdirməyə çalışacağıq. Buna nə qədər nail olacağımızı isə çempionat müddətində görə biləcəyik. Hər nə qədər Azərbaycanın futbol üzrə yığma komandası bu çempionatın final mərhələsində iştirak edə bilməsə də, dəstək olacağınız, azarkeşlik edəcəyiniz komandaları artıq seçmisiniz. Mən bu çempionatda Türkiyə yığmasına azarkeşlik edəcəm. Sizin də fikirlərinizi bilmək maraqlı olar. Bəs siz EURO-2008-də hansı komandaya azarkeşlik edəcəksiniz? Davamında həm də turnirin qrafiki ilə də tanış ola bilərsiniz.
Azeriblog istifadəçiləri üçün müsabiqə
Azeriblog sisteminin məşhur xanım istifadəçilərindən olan Aytəkin Əliyeva öz blogunda Azeriblog istifadəçiləri üçün müsabiqə elan edib. Bildiyiniz kimi, iyulun 21-də Azeriblogun 1 yaşı tamam olacaq. Bu münasibətlə bütün Azeriblog istifadəçilərini əvvəlcədən təbrik edirəm.
Müsabiqə ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.
Hərbi parad və Bayatı-şiraz / VİDEO /
Dünən Bakıda möhtəşəm hərbi parad keçirildi. Təbii ki, parad haqqında çox sözlər yazmaq, çox fikirlər səsləndirmək olar. Təşkilatçılıq baxımından bəzi qüsurları saymasaq parad çox möhtəşəm idi. Bu parad insanların vətənpərvərlik əhval-ruhiyyəsini çoxdan gözlənilən pik nöqtəyə çatdırdı desəm, yəqin ki, yanılmış olmaram.
Düzdür, hərbi paraddan sonra gənclərimiz ürəkbulandırıcı bir halla qarşılaşıblar. (Ətraflı burada) Bütün bunlara rəğmən Azərbaycan ordusunun get-gedə artan qüdrəti bu cür cılız insanların cılız əməlləri ilə ləkələnə və fəaliyyətinə xələl gələ bilməz və gəlməməlidir də. Polis "əməkdaşının" Azərbaycan bayrağına və paraddan ilham almış, vətənpərvərlik duyğuları cuşa gəlmiş gənclərə qarşı bu cür məntiqsiz, heyvani davranışına görə müvafiq tədbirlərin görülməsi barədə biz gənclər lazımi addımları atmalıyıq və mən inanıram ki, bu günlərdə bizim etirazımız öz əməli nəticəsini verəcək.
Parad zamanı şahinlərimizin paytaxt səmalarında dövrə vurmalarının hər zaman insanların xatirələrində canlanacağına əminəm. Amma bu görüntüləri Tacir Şahmalığolunun ifasında Bayatı-Şiraz sədaları altında izləməyin ayrı ləzzəti var. Bu ifa insanın vətənpərvərlik, Vətənə, torpağa, dövlətə və dövlətçiliyə bağlılıq hisslərini coşdurur, insanı qürurlandırır.
Əbülfəz Elçibəy - 70
Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, AXC (AXCP) sədri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin anadan olmasından 70 il ötür. Onun haqqında çox yazmaq, çox danışmaq olar. Ancaq şəxsi tanışlığım olmadığı, həm də onun fəaliyyəti mənim uşaqlıq illərimə təsadüf etdiyi üçün onun haqqında öz fikirlərimi yazmıram, sizlərə sadəcə onun tərcümeyi halını təqdim edirəm.
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 24 İyun 1938-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unus kənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964). Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tülunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).






