Blogginglə bağlı yazı

Bir neçə gün bundan qabaq Azeriblog sistemində adını çox eşitdiyim, özü ilə hələ şəxsən tanış olmaq şərəfinə nail olmadığım Ramin Həsənəlizadə blogunda Blogu necə tanıtmalı başlıqlı bir yazı yazıb. Bu yazı həqiqətən, bloggerlər üçün faydalı məsləhətlərlə dolu olan bir yazıdır. Buna görə, Raminə öz adımdan təşəkkür edirəm. Həmin yazını oxuyan istənilən blogger öz blogunun PR-ını kifayət qədər ustalıqla və çox daha rahat bir şəkildə apara bilər.
Bu cür yazılar nə qədər çox olsa bir o qədər yaxşıdır. Çünki bu gün hələ də bir çox blog yazanlar əslində blogun mahiyyətinin nə olduğunu tam dərk edə bilmirlər. Ona görə yox ki, istəmirlər. Sadəcə ona görə ki, bu barədə informasiya qıtlığı var. Bu qıtlığın aradan qaldırılması, bloggerlərin blog haqqında hər şey haqqında məlumatlarının olması üçün bütün blogçular bir-birilərinə yardımçı olmalıdır. Bu barədə Azeriblog admini Fərhad da öz blogunda dəfələrlə yazıb. Raminin istəyini nəzərə alaraq bir yazı da mən yazmaq qərarına gəldim.
Azeriblog istifadəçiləri üçün müsabiqə
Azeriblog sisteminin məşhur xanım istifadəçilərindən olan Aytəkin Əliyeva öz blogunda Azeriblog istifadəçiləri üçün müsabiqə elan edib. Bildiyiniz kimi, iyulun 21-də Azeriblogun 1 yaşı tamam olacaq. Bu münasibətlə bütün Azeriblog istifadəçilərini əvvəlcədən təbrik edirəm.
Müsabiqə ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.
Hərbi parad və Bayatı-şiraz / VİDEO /
Dünən Bakıda möhtəşəm hərbi parad keçirildi. Təbii ki, parad haqqında çox sözlər yazmaq, çox fikirlər səsləndirmək olar. Təşkilatçılıq baxımından bəzi qüsurları saymasaq parad çox möhtəşəm idi. Bu parad insanların vətənpərvərlik əhval-ruhiyyəsini çoxdan gözlənilən pik nöqtəyə çatdırdı desəm, yəqin ki, yanılmış olmaram.
Düzdür, hərbi paraddan sonra gənclərimiz ürəkbulandırıcı bir halla qarşılaşıblar. (Ətraflı burada) Bütün bunlara rəğmən Azərbaycan ordusunun get-gedə artan qüdrəti bu cür cılız insanların cılız əməlləri ilə ləkələnə və fəaliyyətinə xələl gələ bilməz və gəlməməlidir də. Polis "əməkdaşının" Azərbaycan bayrağına və paraddan ilham almış, vətənpərvərlik duyğuları cuşa gəlmiş gənclərə qarşı bu cür məntiqsiz, heyvani davranışına görə müvafiq tədbirlərin görülməsi barədə biz gənclər lazımi addımları atmalıyıq və mən inanıram ki, bu günlərdə bizim etirazımız öz əməli nəticəsini verəcək.
Parad zamanı şahinlərimizin paytaxt səmalarında dövrə vurmalarının hər zaman insanların xatirələrində canlanacağına əminəm. Amma bu görüntüləri Tacir Şahmalığolunun ifasında Bayatı-Şiraz sədaları altında izləməyin ayrı ləzzəti var. Bu ifa insanın vətənpərvərlik, Vətənə, torpağa, dövlətə və dövlətçiliyə bağlılıq hisslərini coşdurur, insanı qürurlandırır.
Sən bizimsən, bizimsən... Azərbaycan!!!

28 May – hər bir azərbaycanlının vətəndaşlığını məlum edən şəxsiyyət vəsiqəsinin üzərində qeyd olunan Azərbaycan Respublikasının günüdür. Respublika tarixi başlayır bu gündən, əvvəli gözəl, sonu isə əbədi olan Respublikamız.
Həmin dövrün qərarlarını nəzərdən keçirəndə bir anlıq o günlərin hadisələri insanın gözü qarşısında canlanır. O tarixi dövrə qiymət vermək də olar, verməmək də, amma fikir bildirmək istəyəndə ilk növbədə həmin dövrün ab-havasını bilmək gərəkdir, ən azı qərarların hansı şəraitdə qəbul olunduğunu...
Mənim üçün Azərbaycan Xalq Cümhuriyyəti, və yaxud, Azərbaycan Demokratik Respublikası vətəndaşı olduğumuz dövlətin adıdır. Bu ad o qədər insanların beynində həkk olundu ki, sovetlər də bu adı dəyişə bilmədi və bizi adımızla, sərhədlərimizlə SSRİ-yə daxil etdi. Xalqların tarixində bu bəlkə də ən önəmli hadisələrdəndir. Məhz 1918-ci il 28 May tarixi millətimizin özünümüəyyənetmə prosesinin yekunu oldu. Bu gündən etibarən dövlətimizin əsası qoyuldu ki, bu da gələcək nəsillərə Vətən anlayışının dəqiq olaraq dövlət formasında çatdırılması idi.
Açıqlama
Dəyərli blog ziyarətçiləri!
Texniki səbəbdən blogumuzun dizaynında yaranan problemlər qısa bir zamanda öz həllini tapacaq. Fərqli və yeni bir dizaynla blogumuz yaxın günlərdə sizin xidmətinizdə olacaq. Blogu ziyarət etdiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Mayis Musayev
Blogçular arasında oyun
Bu günlərdə blogçular arasında münasibətlərin daha da "istiləşməsi", bir-birlərini daha da yaxından tanımaları üçün oyun xarakterli bir sorğu keçirilir. Sorğunun təşəbbüskarı Esma Nur adlı blogçu olsa da məni bu oyunda iştiraka AzəriBlogun admini Fərhad dəvət edib. Beləliklə, suallara verdiyim cavabları sizinlə də bölüşürəm.
1-Adın ve Soyadın: Mayis Musayev
2-Təvəllüdün: 03 fevral 1982
3-Nə ilə məşğulsan (sənət, peşə..)? Bakı Dövlət Universiteti, Politologiya ixtisası üzrə PhD student 
4-Harada yaşayırsan və hansı şəhərdə yaşamaq istərdin? Hal-hazırda Bakı şəhərində yaşayıram. Yaşamaq istədiyim yer isə doğulduğum Qərbi Azərbaycan torpaqlarıdır.
5-Yaşam fəlsəfənizi təşkil edən sözərdən, cümlələrdən biri? Uğur səbrlə mübarizə edənlərindir... Amma mənim səbrim tükənməz deyil
6-Sənin üçün blog nədir? Blog mənə istirahət imkanı verən vasitədir.
7-Həyatında nə qədər və necə bir yer tutur? Blog yazmaq mənim üçün əyləncə və istirahətdir.
8-Nəyə görə blog yazırsan? Düşündüklərimi, oxuduqlarımı, bildiklərimi və mənə maraqlı olanları insanlarla paylaşmaq üçün.
Oyunun şərtlərinə görə mən də kimi və ya kimlərisə dəvət etməliyəm. Mən isə estafeti Aydın və Rəşaiqə vermək istəyirəm.




