Əbülfəz Elçibəy - 70
Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, AXC (AXCP) sədri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin anadan olmasından 70 il ötür. Onun haqqında çox yazmaq, çox danışmaq olar. Ancaq şəxsi tanışlığım olmadığı, həm də onun fəaliyyəti mənim uşaqlıq illərimə təsadüf etdiyi üçün onun haqqında öz fikirlərimi yazmıram, sizlərə sadəcə onun tərcümeyi halını təqdim edirəm.
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 24 İyun 1938-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unus kənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964). Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tülunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).



