"Tarix: olduğu kimi" Beynəlxalq konfransı

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbiri giriş sözü ilə açaraq konfransın 1918-ci il 31 mart soyqırımına həsr edildiyini bildirib. Onun sözlərinə görə, ermənilər tarix boyu müxtəlif dövrlərdə xalqımıza qarşı soyqırım siyasəti həyata keçirib. İ.Babayev soyqırımlar nəticəsində 10 minlərlə soydaşımızın qətlə yetirildiyini, onlarla kənd və şəhərlərimizin viran edildiyini diqqətə çatdırıb: "31 mart hadisələrinə ilk dəfə olaraq 1998-ci ildə mərhum prezident, ümummilli lider Heydər Əliyev tərəfindən siyasi qiymət verilərək, həmin tarixi faciə soyqırım kimi qəbul edilib. Ötən illərdən fərqli olaraq son zamanlar bu hadisələrlə bağlı araşdırmaların sayı daha da artıb. Hesab edirəm ki, alimlərimiz bu sahədə çalışaraq, həqiqəti ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır. Bunun üçün kifayət qədər faktlar da mövcuddur. Sadəcə, həmrəy olaraq bir qədər fəal şəkildə çalışmalıyıq".



