Fədakar - başqası üçün yaşayan insan
Xəzan duyğularının əsiri olmaqdan qurtul və bir yaşıllıq ol, insanlara hüzur ver, ətrafına gözəllik saç.
Səni görən səndən qaçmasın, yolunu dəyişdirməsin, əksinə, səni gördüyü üçün çox sevinsin, sənə tərəf qanadlansın, hətta səni görmədiyi gün darıxsın...
Şam kimi əri, ətrafını nura qərq et. Bir su qaynağı ol, bulaq kimi sərinlət hüzuruna gələnləri, bağrı yananlar səndə görsünlər əlacı. Elə bir insan ol ki, hər kəs ətrafında pərvanəyə dönsün. Rəhmət dolu bulud ol və günəşin yandırıcı şüalarından qoru insanları.
Hər kəsi qucaqla, bağrına bas, sev onları. Sevgidə səxavətli ol, sevdikcə sevginin azalacağından qorxma. İnsanları o qədər sev ki, özünü sənə ən qatı düşmən bilənlər belə səndən mədət umsunlar, ən qatı ruhlu insanlar belə sənin sevgi atmosferinə girə bilmək üçün sıraya düzülsünlər.
Sən dəyişən mövsümlər kimi olma, bir gün yay günəşi kimi isidib, bir gün qış şaxtası ilə insanları dondurma, bir gün insanlara gül-çiçək bəxş edib, başqa bir gün onları bu gözəllikdən məhrum etmə. Hər zaman rəhmət buludu ol, hər yerə mərhəmət payla. Yağış kimi rəhmətini hər kəslə bərabər bölüş. Bütün quraqlaşmış könülləri yağışınla islat, onlara yeni həyat ver, onları həyata bağla, sev və sevdir onları...



