Biz millətik! Sübutu: Şəhidlər xiyabanı
20 yanvar hadisələrinin növbəti ildönümü yaxınlaşır. Yenə yüz minlər axışacaq Şəhidlər xiyabanına. Yenə baba nəvəsinin əlindən tutub bu ziyarətgaha gətirəcək, xalqımızın başına gətirilən müsibətləri ona anladacaq. Bəlkə də bizim təsəllilərimizdən biri də elə məhz budur: millətimiz yaşlısından gəncinə qədər o gecə baş verənləri unutmur.
Həmin gecə baş verənlərə faciə demək gəlmir dilimdən. Mənim aləmimdə faciə heç nə uğrunda vəhşicəsinə öldürülən insanların durumudur. 20 yanvarda dünyasını dəyişənlər bir “heç” uğrunda öldürülmədilər ki! Onlar Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda, müqəddəs bir dəyər uğrunda canlarını fəda etdilər. Bu fədakarlığın ən gözəl və tam ifadəsi isə şəhidlikdir. Bu gün onların uyuduqları əbədi məkan yüz minlərin axışdığı, qarşısında hər kəsin ehtiramla əyildiyi Şəhidlər xiyabanıdır.




