Hərbi parad və Bayatı-şiraz / VİDEO /
Dünən Bakıda möhtəşəm hərbi parad keçirildi. Təbii ki, parad haqqında çox sözlər yazmaq, çox fikirlər səsləndirmək olar. Təşkilatçılıq baxımından bəzi qüsurları saymasaq parad çox möhtəşəm idi. Bu parad insanların vətənpərvərlik əhval-ruhiyyəsini çoxdan gözlənilən pik nöqtəyə çatdırdı desəm, yəqin ki, yanılmış olmaram.
Düzdür, hərbi paraddan sonra gənclərimiz ürəkbulandırıcı bir halla qarşılaşıblar. (Ətraflı burada) Bütün bunlara rəğmən Azərbaycan ordusunun get-gedə artan qüdrəti bu cür cılız insanların cılız əməlləri ilə ləkələnə və fəaliyyətinə xələl gələ bilməz və gəlməməlidir də. Polis "əməkdaşının" Azərbaycan bayrağına və paraddan ilham almış, vətənpərvərlik duyğuları cuşa gəlmiş gənclərə qarşı bu cür məntiqsiz, heyvani davranışına görə müvafiq tədbirlərin görülməsi barədə biz gənclər lazımi addımları atmalıyıq və mən inanıram ki, bu günlərdə bizim etirazımız öz əməli nəticəsini verəcək.
Parad zamanı şahinlərimizin paytaxt səmalarında dövrə vurmalarının hər zaman insanların xatirələrində canlanacağına əminəm. Amma bu görüntüləri Tacir Şahmalığolunun ifasında Bayatı-Şiraz sədaları altında izləməyin ayrı ləzzəti var. Bu ifa insanın vətənpərvərlik, Vətənə, torpağa, dövlətə və dövlətçiliyə bağlılıq hisslərini coşdurur, insanı qürurlandırır.




